Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın enerji təhlükəsizliyinin artırılması üçün 104 milyon ABŞ dolları kreditin ayrılmasını təsdiqləyib.
Renewables.az xəbər verir ki, bu barədə AİB-nin yaydığı məlumatda deyilir.
Bildirilir ki, AİB "Enerjinin saxlanması və yaşıl hidrogen" layihəsi çərçivəsində Gürcüstanın ilk enerji anbarını (batareya enerji saxlanc sistemi - BESS) yaratmaq və ölkədə "yaşıl hidrogen"in inkişaf imkanlarını araşdırmaq niyyətindədir. Layihə Gürcüstanın elektrik sisteminin istehsal qabiliyyətini artıracaq və Tbilisi yaxınlığındakı Ksani yarımstansiyasındakı ötürücü şəbəkəsinə gücü 200 MVt/200MVt-saat olan BESS əlavə etməklə ölkənin elektrik şəbəkəsinin daha yüksək səviyyədə bərpa olunan enerjini inteqrasiya etmək qabiliyyətini artıracaq.
AİB həmçinin Gürcüstanın "yaşıl hidrogen"in inkişafı istiqamətində səylərini dəstəkləmək üçün 400,000 ABŞ dolları məbləğində qrant əsaslı Texniki Yardımı təsdiqləyib. Texniki Yardım özəl sektorun iştirakını təşviq etmək üçün hidrogen potensialını və zəruri tələbləri müəyyən etməkdə hökumətə kömək edəcək.
Həmçinin xatırladaq ki, bu gün Gürcüstan enerji sistemində böyük qəza baş verib. Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib və "AzərEnerji" ASC qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürüb.