ACWA Power Özbəkistanda 1 GVt gücündə külək elektrik stansiyasını işə salır

REGİON
KÜLƏK

image

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Özbəkistanın Buxara vilayətində 1 giqavat gücündə külək elektrik stansiyasını işə salır.

Renewables.az-ın xəbərinə görə bu barədə şirkətin açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib ki, stansiya tam gücü ilə rəsmi fəaliyyətə başlayır.

Baş və Cankeldi bölgələrində yerləşən iki külək elektrik stansiyasının ümumi gücü 1 giqavatdır. Layihənin operatoru "Bash and Dzhankeldy Wind Project", Özbəkistanın Milli Elektrik Şəbəkəsindən (NEGU) hazırlıq təsdiqini aldıqdan sonra stansiya kommersiya enerji istehsalına başlandığını elan edib.

"ACWA Power" şirkətinə görə, külək stansiyaları enerji alqı-satqısı müqaviləsində müəyyən edilmiş vaxtdan təxminən iki ay əvvəl istismara verilib. Özbəkistanın Milli Elektrik Şəbəkəsi layihənin bütün performans və etibarlılıq standartlarına cavab verdiyini təsdiqləyib.

İki külək stansiyasının hər biri 79 külək turbinindən ibarətdir ki, bu da layihəni "ACWA Power"in Mərkəzi Asiyada bu günə qədər ən böyük bərpa olunan enerji layihələri sırasına daxil edir. Səudiyyə şirkəti layihədə 65 % paya, qalan 35 % isə China Southern Power Grid International şirkətinə məxsusdur.

2022-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və onun tərəfdaşları "ACWA Power"ə Buxarada külək elektrik stansiyalarının tikintisi üçün 520 milyon dollar maliyyə ayırıb. Həmin il AYİB külək stansiyalarını milli şəbəkəyə birləşdirən elektrik ötürücü xətti üçün 47 milyon dollardan çox vəsait ayırıb. 2023-cü ilin yazında Asiya İnkişaf Bankı layihəyə əlavə olaraq 174 milyon dollar vəsait verib. "ACWA Power" Özbəkistanda bir neçə yaşıl enerji layihəsini, o cümlədən Səmərqənddə iki 1 GVt günəş fotoelektrik stansiyası və Daşkənddə 334 MVt enerji saxlama sistemini inkişaf etdirir.

Qeyd edək ki, şirkət hazırda Azərbaycanda 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisini davam etdirir.



OXŞAR XƏBƏRLƏR