Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı.
Memoranduma görə, Cənub Qaz Dəhlizi (CQD) genişləndiriləcək. Başqa sözlə, CQD ilə ildə nəql edilən 8 milyard kubmetr qazın həcmi gələn ildən 12 milyard kubmetrə, bir neçə ildən sonra isə 20 milyard kubmetrə çatdırılacaq. Bu isə Rusiyadan qaz təchizatının həcmini azaltmağa və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcək.
Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. İkitərəfli görüşdə Xəzər dənizinin külək enerjisi və “yaşıl” hidrogen mövzuları geniş müzakirə olunub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Yerli mətbuatda sənədin detalları barədə geniş məlumat açıqlanmayıb.