Azərbaycan 130 MVt gücündə 3 günəş layihəsi üzrə müqavilələr imzalayıb

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

Cəbrayılda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası (GES), 50 MVt gücündə “Şəms” GES layihələri üzrə İnvestisiya və Naxçıvanda 30 MVt gücündə GES layihəsi üzrə İcra Müqaviləsi imzalanıb.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb.

Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb.

Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi isə energetika nazirinin müavini Elnur Soltanov və “Nobel Energy Limited” şirkətinin baş direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.

“Yaşıl enerji zona”larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 mln. kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 mln. kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.



OXŞAR XƏBƏRLƏR