Azərbaycanda ümumi elektrik enerjisinin qoyuluş gücü 10 GVt-ı ötüb

20 Oktyabr 2026, 09:33 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Renewables.az tərəfindən Sİ ilə hazırlanıb

Cari ildə 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının və 100 MVt gücündə “Qobustan” Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 10 072,5 MVt-a çatıb.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

Elektroenergetika sistemində hazırda ümumi gücü 7 903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,4 MVt-lıq 65 su-elektrik stansiyası, 381,9 MVt gücündə 10 günəş elektrik stansiyası, 306,5 MVt gücündə 6 külək elektrik stansiyası və 37,7 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası fəaliyyət göstərir.

"Su-elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 2 169,6 MVt-dır ki, bu da ümumi gücün təqribən 21,5 faizini təşkil edir. Ötən bir il ərzində generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də 1 540 MVA artaraq 31 429,9 MVA-ya çatıb", - məqalədə qeyd edilib.