Bu ildən başlayaraq 2024-cü ilə qədər bərpa olunan enerji mənbələrinin potensialı ölçülərək 2025-ci ildə ərazilərin müvafiq sahədə enerji potensialına dair məlumatlar müəyyən ediləcək. 2023-2025-ci illərdə bərpa olunan enerji mənbələrindən (hidroenerji, geotermal enerji və bioenerji), hidrogen texnologiyasından, enerjinin saxlanılması və hidroakkumulyasiya tədbirlərindən istifadə perspektivlərinin öyrənilməsi məqsədilə təkliflər hazırlanaraq hesabatlar təqdim ediləcək. Sənəddə 2026-cı ilə qədər bp şirkəti ilə Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinin həyata keçirilməsi, Laçın və ya Kəlbəcər rayonlarında ümumi gücü təqribən 400 MVt olan külək elektrik stansiyasının özəl investisiya hesabına tikintisi nəzərdə tutulub.
Hidroenerji potensialından istifadə istiqamətində özəl investisiya hesabına yararsız hala salınmış 23 ədəd kiçik su elektrik stansiyaları (KSES) bərpa ediləcək, 2026-cı ilə qədər 37 ədəd yeni KSES tikiləcək. 2025-ci ildə 100 MVt gücündə Xudafərin SES-in və 40 MVt gücündə Qız Qalası SES-in tikintisi başa çatdırılacaq. Energetika Nazirliyi aidiyyəti qurumlarla birlikdə yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi məqsədilə sahələr müəyyən edilərək pilot layihələri həyata keçirəcək, Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq. Fəaliyyət istiqamətində həmçinin damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblərin müəyyən edilməsi, küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsi, enerjidən istifadə zamanı güzəştli tariflərinin tətbiqinə dair təkliflər hazırlanması və təsdiq edilməsi və bir sıra tədbirlərin icrası nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayış təminatı üçün zəruri şərtlərin yaradılması, müasir standartlara cavab verən nəqliyyat, elektrik, su, qaz, istilik və kanalizasiya təchizatı sisteminin formalaşdırılması, eyni zamanda müxtəlif iqtisadi fəaliyyət sahələrinin funksionallığının təmin olunması ilə bağlı zəruri şərait yaradılması məqsədilə ölkənin vahid informasiyakommunikasiya məkanına hərtərəfli inteqrasiya üçün telekommunikasiya şəbəkələrinin qurulması qabaqcıl standartlar və təcrübəyə uyğun həyata keçiriləcək. Bu sistemlərin qurulması zamanı ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulur.