2021-ci ilin aprelində BƏƏ-nin "Masdar" şirkəti ilə imzalanmış investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri çərçivəsində bu gün Qaradağda 230 MVt qoyuluş güclü Günəş Elektrik Stansiyasının (GES) təməlqoyma mərasimi baş tutub. Bu Azərbaycanın energetika, xüsusilə bərpa olunan energetika tarixində əlamətdar hadisədir.
Qaradağ GES xarici investisiya hesabına inşa edilən ilk və ölkənin ən irigüclü günəş elektrik stansiyası olacaq (Hazırda ən irigüclü GES Naxçıvan MR Babək rayonunda 22 meqavat gücündədir). GES tam gücü ilə işlədikdə 110 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək ki, bu da ixrac imkanını genişləndirərək ölkənin valyuta gəlirlərini artıracaq.
Stansiyanın inşasına 700 nəfər cəlb olunacaq, daha sonra isə burada 25-30 nəfər işlə təmin olunacaq. Bu da yeni iş yerlərinin yaranması, məşğulluğun artması anlamına gəlir. Bundan əlavə, xarici təcrübənin öyrənilməsi, sektor üzrə ixtisaslaşmış kadrların hazırlanmasına, bilik və bacarıqların daha da artırılmasına səbəb olacaq.
Stansiyanın inşası həm də Azərbaycanın könüllü qəbul etdiyi 2050-ci ilə qədər emissiyaların 40 faizədək azaltmaq öhdəliyini yerinə yetirmək istiqamətində atılmış önəmli addım kimi qiymətləndirilə bilər. Stansiya ildə 500 milyon kVt-saat təmiz enerji istehsal edəcək, 200 min ton karbon tullantısının qarşısını alacaq və 110 min mənzili "yaşıl enerji" ilə təmin edəcək.
Stansiyanın inşası, prioritet vəzifə olaraq irəli sürülmüş bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, o cümlədən 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəfi istiqamətində atılan mühüm addımdır. Bunun üçün 1 500 MVt əlavə bərpaolunan güc quraşdırılmalıdır, bu ilin yanvarında 240 MVt gücündəki "Xızı-Abşeron" külək elektrik stansiyasının, bu gün isə 230 MVt gücündəki "Qaradağ" GES-in təməli qoyulub. bp şirkətinin investisiyası hesabına Zəngilan-Cəbrayıl zonasında inşa olunacaq 240 MVt gücündəki GES-in təməli isə növbəti aylarda qoyula bilər.
Beləliklə, 30 % bərpaolunan enerji gücünə çatmaq üçün demək olar ki, 710 MVt qoyuluş gücünün quraşdırılması təmin edilib, başqa sözlə, hədəfə çatmaq üçün görüləcək işlərin təxminən 50 faizi tamamlanıb.
"Qaradağ" GES-in təməlqoyma mərasimi çərçivəsində BƏƏ-nin "Masdar" şirkəti ilə Azərbaycanın bir sıra qurumları arasında 4 Anlaşma Memorandumu imzalandı.
Anlaşma Memorandumları bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına "yaşıl hidrogen" istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq, bərk məişət tullantılarından enerji istehsalı, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir. Həmçinin, şirkət sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırma aparacaq.
Təmiz və yaşıl enerjidən istifadə atmosferə atılan karbon emissiyalarının miqdarını azaldacaq. Bundan əlavə, elektrik enerjisi istehsalında əsas mənbə olan təbii qaza qənaət ediləcək. Təbii qaza qənaət olunması isə ixrac imkanını genişləndirərək ölkənin valyuta gəlirlərini artıracaq. Stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək.
Bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi önəmlidir. Yeni investisiyanın cəlbi, bərpa olunan enerji potensialından istifadə Azərbaycanı yaşıl enerji ölkəsi kimi dünya ölkələri arasında öz yerini tutmasına imkan verəcək. Yaşıl enerji sahəsinin inkişafı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər''dən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə qarşıya qoyulmuş hədəflərə də öz töhfəsini verəcəkdir.
Cavid Babayev