Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə yeni emalatxanaların və Mükəmməllik Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, bp şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi, “WorldSkills Azərbaycan” İctimai Birliyinin icrası ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.
Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində bərpa olunan enerji texnologiyaları üzrə təlim imkanlarını genişləndirmək, tələbələrin müasir praktik bacarıqlara yiyələnməsini təmin etmək və ölkədə yaşıl enerji sektorunun inkişafına töhfə verməkdir.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, peşə təhsili sahəsinin inkişaf etdirilməsi üçün ölkədə geniş potensial var. Statistikaya əsasən, əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. Bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib. Bu səbəbdən peşə təhsilinin cəlbediciliyinin artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər.
Çıxış edən bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz növbəsində təmsil etdiyi qurumun həyata keçirdiyi sosial layihələrin əhəmiyyətli hissəsinin təhsil sahəsi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə çıxışında bildirib ki, bərpa olunan enerji sahəsində həm elmi, həm də texnoloji baxımdan qabaqcıl və gələcəyə hesablanmış yanaşmalar tətbiq olunur. Direktor bildirib ki, bu yanaşma gələcək fəaliyyətin əsas sütunlarından birini təşkil edəcək. Bu baxımdan yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir.
Daha sonra qonaqlar emalatxanalar və mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Qonaqlara məlumat verilib ki, yeni yaradılmış emalatxanalar günəş və külək enerjisi sistemləri, hibrid enerji qurğuları, simulyasiya proqramları, SCADA hava stansiyası, günəş enerjisi simulyatoru, elektrikli avtomobil şarj cihazları və digər müasir avadanlıqlarla təchiz olunub, tələbə və təhsilverənlərə real ssenarilər əsasında praktiki öyrənmə imkanları yaradır.
Layihə çərçivəsində həmçinin “İqlim dəyişiklikləri və ətraf mühit” adlı yeni tədris modulu hazırlanıb.
Qeyd edək ki, layihə bp və onun tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies-in dəstəyi ilə həyata keçirilib.









