Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-İqtisadi Əsaslandırmadan İcraya Doğru" İnvestisiya və Tərəfdaşlıq Forumu keçirilir

22 Oktyabr 2026, 11:11 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilir.

Renewables.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov tədbirdə çıxış edib.

Forumun açılışında çıxış edən energetika naziri Pərviz Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin regional enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq Sazişi ilə əsası qoyulan layihənin cari ilin iyulunda başa çatmış tədqiqatı onun texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbediciliyini təsdiqləyib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizi yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevirmək siyasətində bu layihənin xüsusi yer tutduğunu qeyd edib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı layihəyə siyasi dəstəyin bir daha ifadə edilməsi diqqətə çatdırılıb. Layihənin TYNDP 2026-nın layihəsinə daxil edilməsi və PMI (Ortaq Maraqlar Layihəsi) statusu istiqamətində görülən işlərin onun investisiya perspektivlərini gücləndirdiyi bildirilib.

Qeyd edilib ki, təxminən 3 min kilometr uzunluğunda “Yaşıl Enerji Dəhlizi”nin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması nəzərdə tutulur. Texniki-iqtisadi əsaslandırmaya görə, layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına imkan yaradacaq. Qara dənizin 2200 metrədək dərinliyində sualtı kabelin çəkilməsi üçün qabaqcıl texnoloji həllərin tətbiqinin vacibliyi vurğulanıb. Layihənin kommersiya dayanıqlılığının təmin edilməsi məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin nəzərdən keçirildiyi bildirilib. Bu modelin uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslandığı qeyd olunub. Nazir beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib: “Məqsədimiz “Yaşıl Enerji Dəhlizi”ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır. İnanırıq ki, bugünkü forum yeni tərəfdaşlıqların qurulmasına, konkret investisiya imkanlarının formalaşmasına və “Yaşıl Enerji Dəhlizi”nin 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına daha da yaxınlaşmasına mühüm töhfə verəcək”, - deyə nazir Pərviz Şahbazov bildirib.

Forum layihənin texniki-iqtisadi əsaslandırma mərhələsindən investisiya və praktiki icra mərhələsinə keçidini sürətləndirmək, onun biznes modelini, maliyyələşdirmə strukturunu və kommersiya perspektivlərini potensial tərəfdaşlarla müzakirə etmək, eləcə də 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına hazırlıq prosesinə töhfə vermək məqsədi daşıyır.

Tədbirdə Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər. Forumda Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, “Brookfield Asset Management”, “ACWA Power”, “Masdar”, “SOCAR Green”, “China Datang”, “State Grid Corporation of China”, “PowerChina”, “Siemens Energy”, “ABB”, “Hitachi Energy”, “Xlinks”, “Zhero”, “TotalEnergies”, “Jan De Nul”, “Prysmian”, “NKT”, “Hellenic Cables”, “ZTT”, “Hengtong”, “Orient Cable”, “Mitsui”, “CESI” və digər beynəlxalq şirkətlər təmsil olunurlar.

Forum altı tematik sessiya ilə davam edir.

Forum çərçivəsində layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə həsr olunmuş sessiya təşkil edilib.

Sessiyada beynəlxalq mühəndislik və konsaltinq şirkəti “CESI” tərəfindən layihənin texniki və iqtisadi əsaslandırılması üzrə aparılmış tədqiqatın əsas nəticələri təqdim olunub. Şirkətin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola və baş enerji məsləhətçisi Filippo Del Grosso layihənin texniki parametrləri, iqtisadi göstəriciləri və həyata keçirilməsi imkanları barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması onun inkişafında mühüm mərhələdir. Tədqiqatın nəticələri layihənin kommersiya strukturunun formalaşdırılması, maliyyələşdirmə imkanlarının qiymətləndirilməsi və yekun investisiya qərarına hazırlıq baxımından əsas yaradır.

Forum çərçivəsində layihənin biznes modeli və investisiya imkanlarına həsr olunmuş panel sessiyası keçirilib. “CESI” şirkətinin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meolanın moderatorluğu ilə keçirilən sessiyada “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev, “Xlinks” şirkətinin baş icraçı direktoru James Humfrey, “Zhero” şirkətinin idarəedici direktoru Michele Vadora və AFRY-DNV Global şirkətinin regional meneceri Mohammed Atif iştirak ediblər.

Sessiyada “Yaşıl Enerji Dəhlizi”nin təklif olunan kommersiya modeli, layihənin idarəetmə strukturu, mülkiyyət və iştirakçılıq mexanizmləri, inkişaf yol xəritəsi, eləcə də strateji investorların kapitalda iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə irimiqyaslı enerji infrastrukturu layihələrinin reallaşdırılmasında özəl sektorun roluna, investisiya cəlbediciliyinin artırılmasına və uzunmüddətli kommersiya dayanıqlığının təmin edilməsinə xüsusi diqqət yetirilib.

Forumda elektrik enerjisinin satışı və bazar imkanlarına həsr olunmuş panel sessiyası keçirilib. “Deloitte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimovun moderatorluğu ilə keçirilən sessiyada “MVM” şirkətinin müşaviri Atilla Bally, “Transelectrica” şirkətinin korporativ maliyyə üzrə rəhbəri Florin Stanciu, “Masdar” şirkətinin ölkə üzrə meneceri Murad Sadıxov, “ACWA Power” şirkətinin idarəedici direktoru Uygar Durgunay və “PowerChina” şirkətinin Avrasiya regionu üzrə baş direktor müavini Tan Xiaofeng iştirak ediblər.

Sessiyada Xəzər regionunda istehsal olunacaq bərpa olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılması və satışı üzrə kommersiya imkanları müzakirə olunub. Əsas diqqət uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinin (PPA) tətbiqinə, potensial alıcıların müəyyənləşdirilməsinə, bazar tələbinə, sərhədlərarası elektrik enerjisi ticarətinə və layihənin kommersiya perspektivlərinə yönəldilib. Bərpa olunan enerji istehsalçıları, elektrik enerjisi təchizatçıları, treyderlər və korporativ alıcılar arasında əməkdaşlıq mexanizmləri, habelə enerji ixracının uzunmüddətli kommersiya əsaslarının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində layihənin maliyyələşdirilməsi, investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş dəyirmi masa təşkil edilib. Dünya Bankının baş enerji iqtisadçısı Claire Nicolasın moderatorluğu ilə keçirilən müzakirələrdə Avropa İnvestisiya Bankının (EIB Global) bölmə rəhbəri Violaine Silvestro Von Kameke, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Nataly Mouravidze, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Asiya İnkişaf Bankının aparıcı layihə əməkdaşı Fərəc Hüseynbəyov və “Brookfield Asset Management” şirkətinin investisiya və enerji üzrə vitse-prezidenti Arnaud Jouvin iştirak ediblər.

Sessiyada “Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi üçün mümkün maliyyələşdirmə strukturları, investisiya risklərinin bölüşdürülməsi, dövlət və özəl kapitalın birgə iştirakı, qarışıq maliyyələşdirmə mexanizmləri və layihənin banklar tərəfindən maliyyələşdirilə bilməsi üçün zəruri şərtlər müzakirə olunub. Müzakirələrdə bu cür genişmiqyaslı və transsərhəd enerji infrastrukturu layihələrinin reallaşdırılmasının beynəlxalq maliyyə institutları, dövlətlər və özəl investorlar arasında sıx əməkdaşlıq tələb etdiyi vurğulanıb.

Forum çərçivəsində layihənin riskləri, sığorta mexanizmləri və maliyyələşdirilə bilmə imkanlarına həsr olunmuş panel sessiyası keçirilib. “Marsh McLennan” şirkətinin enerji sahəsi üzrə baş vitse-prezidenti Stuart Broadun moderatorluğu ilə təşkil edilən sessiyada “Straife” şirkətinin idarəedici direktoru Metyu Brayza, “Qala Sığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini Taleh Yunsurov, “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü və baş risk direktoru Nicat Rəsulov və “KPMG” şirkətinin direktor müavini Irsen Pak iştirak ediblər.

Sessiyada genişmiqyaslı transsərhəd enerji infrastrukturu layihələrinin həyata keçirilməsi zamanı yarana biləcək risklər, onların layihə iştirakçıları arasında bölüşdürülməsi, sığorta həlləri və beynəlxalq kreditorların tələbləri müzakirə olunub. Sessiyada dəhlizin gələcək maliyyələşdirilməsi və investisiya qərarının qəbul edilməsi üçün risklərin idarə olunması və sığorta təminatının əhəmiyyəti qeyd olunub.

Forumun texnologiyalar və təchizat zəncirinə həsr edilmiş sessiyasında layihənin texnoloji həlləri və praktiki icra imkanları müzakirə olunub.
“Siemens Energy” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qərbi Avropa üzrə vitse-prezidenti Maxim Zubovun moderatorluğu ilə keçirilən sessiyada “Jan De Nul”, “Prysmian”, “NKT”, “ZTT”, “Hengtong”, “Hellenic Cable” və “Orient Cable” şirkətlərinin nümayəndələri iştirak ediblər.

Sessiyada “Jan De Nul” şirkətinin kommersiya rəhbəri Filip Olde Bijvank, “Prysmian” şirkətinin biznesin idarə edilməsi üzrə direktoru Tommaso Noya, “NKT” şirkətinin satış üzrə vitse-prezidenti Ercihan Kurt, “ZTT” şirkətinin biznes meneceri Adnan Muhammad, “Hengtong” şirkətinin texniki tədqiqat və inkişaf departamentinin texniki direktoru Konstantinos Tastavridis, “Hellenic Cable” şirkətinin biznesin inkişafı üzrə direktoru Timoleon Manolopoulos və “Orient Cable NBO UK” şirkətinin idarəedici direktoru Lai Wei təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyaları, sualtı elektrik kabellərinin istehsalı və quraşdırılması, mühəndislik, satınalma və tikinti (EPC) xidmətləri, innovativ texnoloji həllər və təchizat zəncirinin imkanları diqqət mərkəzində olub. Layihənin texniki icrası üçün zəruri istehsal və podrat imkanları, texnologiya təchizatçılarının hazırlığı, eləcə də irimiqyaslı enerji infrastrukturu layihələrinin həyata keçirilməsində beynəlxalq sənaye şirkətlərinin iştirak perspektivləri müzakirə edilib.

Sessiya çərçivəsində “Jan De Nul şirkəti” tərəfindən dünyada ilk olan 4 000 metrdən artıq dərinlikdə tətbiq edilə bilən kabel texnologiyasının təqdimatı edilib. Bildirilib ki, bu texnologiya testlərdən uğurla keçərək öz effektivliyini sübut edib. Müvafiq maliyyələşmə mexanizmi olarsa bu texnologiyanın Yaşıl Enerji Dəhlizi layihəsində tətbiqi də mümkün ola bilər. Sessiya layihənin texnoloji hazırlığının qiymətləndirilməsi, potensial təchizatçı və podratçılarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, eləcə də praktiki icra mərhələsinə keçid baxımından əhəmiyyətli olub.