Birgə əməkdaşlığın töhfəsi - Xəzərin küləyi Avropanı işıqlandıracaq

AZƏRBAYCAN
KÜLƏK

image

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Onlardan  yaşıl enerji əməkdaşlığı ilə bağlı sənəd Xəzər dənizinin Azərbaycan sektorunda 2 qiqavat gücündə külək enerjisi layihəsi ilə bağlıdır.
Mütəxəssislər hesab edir ki, bu layihə Azərbaycanı bərpa olunan enerji üzrə regional liderə və qlobal bazarın aparıcı oyunçularından birinə çevirə bilər.
Bəs, külək enerjisi layihəsinin daha hansı üstünlükləri var? İstehsal olunan elektrik enerjisi xaricə necə nəql olunacaq? Ümumiyyətlə, Azərbaycanın dənizdəki ilk külək elektrik stansiyası necə gerçəkləşəcək?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov cavablandırıb.

O bildirib ki, Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək:
“Layihənin inkişafı məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi tərəfindən dəstək göstəriləcək. Dənizdə reallaşdırılacaq bu layihənin əsas üstünlüyü, Xəzər dənizinin külək enerjisi baxımından böyük potensiala malik olmasıdır".
Müsahibimiz qeyd edib ki, dənizdə küləklər daha sabit və güclü olduğu üçün elektrik istehsalı səmərəliliyi yüksək olur:
"Bu da layihənin texniki və iqtisadi baxımdan səmərəli olmasına zəmin yaradır. Eyni zamanda, layihə Azərbaycanın enerji istehsalında şaxələnməni təmin edəcək. Digər tərəfdən, bu cür yaşıl enerji layihələri Azərbaycanın könüllü iqlim öhdəliklərinin yerinə yetirilməsinə kömək edir”.
Fəqan Abdurəhmanov bildirib ki, külək enerjisi layihəsi eyni zamanda yeni texnologiyaların və xarici investisiyaların Azərbaycana axınına səbəb olacaq:
“Çinlə bu sahədə əməkdaşlıq yalnız maliyyə deyil, həm də texniki bilik və təcrübənin ötürülməsini nəzərdə tutur. Bu isə uzunmüddətli perspektivdə ölkədə ixtisaslı kadrların yetişməsinə, yaşıl enerji sektorunun inkişafına və texnoloji müstəqilliyin güclənməsinə yol açacaq.
Layihədən əldə ediləcək elektrik enerjisinin əsasən Avropa bazarlarına ixrac olunması planlaşdırılır. Bu məqsədlə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında razılaşdırılmış "Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində Xəzər dənizində inşa ediləcək külək elektrik stansiyalarından əldə olunacaq 4 QVt gücündə yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur”.



OXŞAR XƏBƏRLƏR