“Brookfield” Yaşıl Enerji Dəhlizinin investisiya potensialını yüksək qiymətləndirir

23 Oktyabr 2026, 21:25 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image

Düşünürəm ki, burada iştirak etmək bizim üçün olduqca dəyərli fürsətdir. Bu, böyük potensiala malik möhtəşəm layihədir.

Renewables.az xəbər verir ki, bunu “Brookfield Asset Management” şirkətinin investisiya və enerji üzrə vitse-prezidenti Arnaud Jouvin 22 oktyabrda Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.

"Layihə Azərbaycanın ixrac imkanlarını şaxələndirməsi, xüsusilə də təmiz və etibarlı elektrik enerjisinin ixracını inkişaf etdirməsi baxımından son dərəcə əhəmiyyətli imkanlar yaradır. Eyni zamanda, bu layihə özəl kapital üçün də geniş investisiya imkanları açır. Bu imkanlar təkcə Yaşıl Enerji Dəhlizinin özünü və elektrik enerjisinin ötürülməsi infrastrukturunu əhatə etmir. Özəl investorlar, həmçinin layihə ilə əlaqəli digər sahələrə və dəhliz vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni generasiya güclərinin yaradılmasına sərmayə yatıra bilərlər. Bu investisiyalar elektrik enerjisi alıcılarının tələbatının qarşılanmasına xidmət edəcək. Bununla yanaşı, layihə Avropanın enerji idxalının şaxələndirilməsinə də töhfə verəcək", - Jouvin fikirlərini tamamlayıb.

Xatırladaq ki, bu ilin yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.

“Brookfield Asset Management” əsası 1899-cu ildə Braziliyada qoyulmuş, baş ofisi Kanadada yerləşən və alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət əsasən bərpaolunan enerji, infrastruktur, daşınmaz əmlak, özəl kapital və kredit sahələrinə investisiyalar üzrə ixtisaslaşıb. Dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən “Brookfield”in idarə etdiyi aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarını ötür.