EBRD: Azərbaycanda 1,2 giqavat gücündə külək və günəş layihələrini maliyyələşdirdiyimiz üçün qürur duyuruq

AZƏRBAYCAN

image

Biz külək və günəş enerjisi sahəsində ümumi gücü 1,2 giqavatt olan layihələri maliyyələşdirdiyimiz üçün qürur duyuruq - bu, irəliyə doğru ciddi bir addım və əla başlanğıcdır, baxmayaraq ki, ölkənin (Azərbaycanın) potensialı daha yüksəkdir.

Renewables.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter deyib.

Harri Boyd-Karpenter müsahibəsində qeyd edib: "Tərəqqidən danışsaq, xüsusilə bərpa olunan enerji sahəsinin inkişafı - iqlim dəyişikliyi ilə mübarizədə əsas istiqamət ilhamvericidir. Bütövlükdə, aşağı karbonlu iqtisadiyyata keçid üçün iqtisadi modelin kompleks şəkildə yenidən qurulması tələb olunur. Zəruri tədbirlərin siyahısı genişdir. Əsas vəzifələr - iqtisadiyyatın elektrikləşdirilməsi və elektrik enerjisinin əsasən külək və günəş kimi bərpa olunan mənbələrdən istehsal olunmasının təmin edilməsidir. ...Bilirik ki, hökumət bu məqsədlərə çatmağı hədəfləyib və əməkdaşlığımızı davam etdirmək imkanını səbirsizliklə gözləyirik. Külək və günəşdən elektrik enerjisi əldə etmək, bəlkə də, ən vacib məsələdir. Üstəlik, bunun ucuz enerji olması həm ekologiya, həm də son istehlakçılar üçün faydalıdır. ...Azərbaycan ənənəvi olaraq karbohidrogen ixracatçısıdır, lakin bu gün o, “yaşıl enerji"nin – həm özünün, həm də potensial olaraq Mərkəzi Asiyadan gələcək tranzit enerjinin ixracatçısı rolunu üzərinə götürməyə çalışır. Bu, COP29 gündəliyinin prioritetlərindən biridir və biz bu cür təşəbbüsləri fəal şəkildə araşdırırıq. ...İlk və bəlkə də ən bariz imkan bərpa olunan enerji sektoruna özəl investisiyalardır. Fikrimizcə, bu, tamamilə məntiqli və sübut olunmuş yoldur: bir çox ölkələrdə bu cür layihələri daha sürətli və daha ucuz uğurla həyata keçirən məhz özəl sektordur. Mən tez-tez “ucuz” sözünü vurğulayıram, çünki sərfəli enerji qiymətləri əsas amildir. Külək və günəş enerjisinin əsas üstünlüklərindən biri də budur: onlar təkcə ekoloji cəhətdən təmiz deyil, həm də iqtisadi cəhətdən rəqabətə davamlıdır. ...Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində mövcud layihələrin hamısı özəl şirkətlər tərəfindən həyata keçirilir və biz belə təşəbbüslərin daha çox olmasını istəyirik və əminik ki, belə də olacaq. Bərpa olunan enerji üzrə hərrac proqramının hazırlanmasında hökuməti dəstəkləməkdən məmnun idik və hesab edirik ki, onun genişləndirilməsi üçün əhəmiyyətli potensial var. Bu, şübhəsiz ki, irəliyə doğru atılmış mühüm addımdır. Bu, ilk fürsətdir. Növbəti perspektivli istiqamət elektromobillərdir. Artıq Bakıda onların sayının artdığını görürük və əminik ki, burada özəl investisiyalar üçün əlavə imkanlar açılacaq. ...Günəş panellərinin quraşdırılması kiçik biznes üçün ən əlverişli və effektiv addımlardan biridir. Azərbaycanda əla iqlim şəraiti, xüsusilə günəş aktivliyi var – Böyük Britaniyadan olan bir şəxs kimi mən bunu xüsusilə yüksək qiymətləndirirəm. Buna görə də, məsələn, anbar, emalatxana və ya kiçik istehsalat obyektiniz varsa, damda günəş panellərinin quraşdırılması tamamilə məntiqi və iqtisadi cəhətdən əsaslandırılmış həlldir. Əməkdaşlıq etdiyimiz banklar belə layihələri dəstəkləməyə hazırdırlar. ...Hazırda üç əsas sahəyə diqqət ayırmışıq. İlk növbədə, bu, enerji sektoruna, xüsusilə də bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə investisiyaların genişləndirilməsidir. Bu, sözsüz, bizim prioritetimizdir".



OXŞAR XƏBƏRLƏR