Avropa İnvestisiya Bankı (EIB) enerji keçidini sürətləndirmək üçün hər bir layihə üçün 75 %-ə qədər maliyyə yatırmaqla 2027-ci ilə qədər 45 milyard avro ayıracaq.
Renewables.az-ın məlumatına görə, bunu EIB-in vitse-prezidenti Celsomina Viqliotti deyib.
“Biz iri neft-qaz şirkətlərinin maliyyələşdirilməsi ilə bağlı əlaqələrimizə yenidən nəzər yetirdik. Aydınlaşdırdıq ki, yalnız “Eni” və neft-qaz sektorunda digər şirkətlər əhəmiyyətli resurslara malik bərpa olunan enerji mənbələrinə investisiya qoya biləcək maliyyə imkanlarına sahibdirlər”, - vitse-prezident vurğulayıb.
C.Viqliotti əlavə edib ki, dəniz külək sektorunda hələ də boşluqlar var: “Düşünürük ki, ölkəmizin [İtaliya] təmiz enerji istehsalı üçün əhəmiyyətli potensialı var. Bununla belə, hidrogen sahəsində “yaşıl enerji”nin qiyməti ilə bağlı hələ də ciddi problemlərimiz var. Artan tələbat və istehsal qeyri-yaşıl hidrogen çatışmazlığını ödəyə bilər. Çox enerji istehlak edən böyük istehsal layihələri ən mühüm potensiala malikdir. İtaliyada sınaqlar digər ölkələrə nisbətən baha başa gəlir, lakin bu istiqamətdə ciddi işlər görülür”.