İlham Əliyev: Çin şirkətlərini yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik

AZƏRBAYCAN

image

Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

"Onların şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri ki Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda da biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun".

Dövlət başçısı çıxışında qeyd edib: "...Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir... Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır".



OXŞAR XƏBƏRLƏR