Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxmışdır. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.
"Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxmışdır. Qardaş ölkənizin aparıcı "ACWA Power" şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır..." , - deyə Azərbaycan Prezidenti vurğulayıb.