BƏƏ-nin "Masdar" (Abu Dhabi Future Energy Company PJSC) şirkəti Qazaxıstanda 500 MVt gücündə fasiləsiz (gecə-gündüz) bərpa olunan enerji, 2 GVt-a qədər batareya enerji saxlanc sistemi (BESS) layihələrini inkişaf etdirəcək.
Renewables.az-ın şirkətin yaydığı məlumata istinadən xəbərinə görə, bununla bağlı əməkdaşlıq müqavilələri imzalanıb.
Sənədlər Şeyx Xalid ibn Məhəmməd Əl Nəhayanın Qazaxıstana rəsmi səfəri zamanı keçirilən Qazaxıstan-BƏƏ Biznes Forumu çərçivəsində "Masdar" şirkəti ilə "Samruk-Kazyna" Fondu arasında imzalanıb. Müqavilə 500 MVt-a qədər əsas yüklə bərpa olunan enerji və 2 GVt-a qədər gücə malik BESS layihələrini təmin edən “24/7” layihəsinin inkişafına dəstək verəcək.
BƏƏ və Qazaxıstanın energetika nazirləri həmçinin "Masdar"ın Mərkəzi Asiya ölkəsində 1 GVt gücündə külək elektrik stansiyasının inkişafı üzrə hökumət sazişinin ratifikasiyasını tanıyan sənədlər mübadiləsi aparıblar. Mərasim Əbu-Dabinin Vəliəhdi və Əbu-Dabi İcra Şurasının sədri Şeyx Xalid ibn Məhəmməd Əl Nəhayan və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin iştirakı ilə keçirilib. BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei və Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov həmçinin 2023-cü ildə COP28-də 1 GVt gücündə külək layihəsinin inkişafı üçün imzalanmış Hökumətlərarası Sazişin (IGA) ratifikasiyası ilə bağlı sənədlər mübadiləsi aparıblar.
Qeyd edək ki, "Masdar" hazırda Qazaxıstanda 600 meqavat-saat BESS ilə 1 GVt gücündə külək enerji layihəsini inkişaf etdirir və bu, regionda ən böyük külək layihələrindən biri olacaq. Qazaxıstan 2030-cu ilə qədər elektrik enerjisinin 15 faizini və 2050-ci ilə qədər 50 faizini bərpa olunan enerji mənbələrindən istehsal etməyi hədəfləyir. "Masdar" COP28 çərçivəsində "W Solar", "Qazaq Green Power QGP", "Samruk-Kazyna Group" şirkəti və Qazaxıstan İnvestisiya İnkişafı Fondu ilə 1 GVt gücündə külək layihəsinin hazırlanması və həyata keçirilməsi üçün müqavilə imzalayıb. Elektrik enerjisinin alqı-satqısı müqaviləsi və layihə üzrə investisiya sazişi ötən il Bakıda COP29-da imzalanıb, tikintinin 2026-cı ildə başlanması gözlənilir.
Zəngin günəş və külək enerjisi ehtiyatlarına malik Orta Asiya "Masdar" üçün əsas strateji regiondur. Qazaxıstandakı fəaliyyətindən başqa, şirkət Özbəkistan və Azərbaycan da daxil olmaqla bütün regionda fəal iştiraka malikdir. Masdar 2030-cu ilə qədər 100 GW qlobal portfel tutumunu hədəfləyir.
