Moldova "Yaşıl Enerji Dəhlizi" təşəbbüsünün inkişafını diqqətlə izləyir və şübhəsiz ki, ona qoşulmaqda maraqlıdır.
Renewables.az xəbər verir ki, bu barədə Moldova Respublikasının energetika naziri Dorin Junqiyetu “Report”a müsahibəsində deyib.
Nazir bildirib ki, enerji mənbələrinin və onların tədarük yollarının şaxələndirilməsi Moldovanın enerji təhlükəsizliyi üçün əsas məsələdır: "Biz "Yaşıl Enerji Dəhlizi" təşəbbüsünün inkişafını diqqətlə izləyir və şübhəsiz ki, ona qoşulmaqda maraqlıyıq. Bu layihə regional inteqrasiyanın mühüm elementi ola və davamlı inkişaf sahəsində ortaq məqsədləri bölüşən ölkələrin enerji sistemləri arasında bağlantını gücləndirə bilər.
Son illərdə Moldovada günəş enerjisinin inkişafı əhəmiyyətli dərəcədə intensivləşib. Fotovoltaik qurğulara maraq yüksək olaraq qalır, xüsusilə nəzərə alsaq ki, investisiya qoyuluşunun böyük hissəsi dövlət dəstəyi olmadan, azad bazar şərtlərinə uyğun olaraq həyata keçirilib. Külək enerjisi və bioenerjiyə gəlincə, burada potensial yüksək olaraq qalır. Moldova böyük həcmdə biokütlə ehtiyatlarına malikdir və bu istiqamət özəl investisiyalar üçün getdikcə daha çox perspektivli hesab olunur. Biz həmçinin xüsusilə bərpa olunan mənbələri hesabına istehsalın artması kontekstində hidrogen energetikasının inkişafına açığıq. Azərbaycanlı tərəfdaşlarımızın istənilən investisiyalarını alqışlayırıq. Bu sahələrdə əməkdaşlıq qarşılıqlı fayda gətirə və hər iki ölkənin "yaşıl keçid”ini sürətləndirə bilər".
"Hazırda biz ümumi qoyuluş gücü 165 MVt olan külək və günəş elektrik stansiyalarının tikintisi üzrə ilk tenderin nəticələrinin qiymətləndirilməsini başa çatdırırıq. Payızda həm bərpa olunan enerji mənbələri hesabına əlavə generasiya güclərinin, həm də enerji saxlanc sistemlərinin quraşdırılmasını əhatə edəcək yeni hibrid tenderin keçirilməsi planlaşdırılır. Hazırda Energetika Nazirliyinin mütəxəssisləri enerji sisteminin ehtiyaclarını təhlil edir və gələcək müsabiqə üçün texniki parametrləri hazırlayırlar.
Bundan başqa, elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan “Moldelectrica” şirkəti bu il enerji sisteminin balanslaşdırılması xidmətləri üzrə ayrıca tender keçirəcək. Moldova Respublikasının hökuməti mənşə ölkəsindən asılı olmayaraq xarici investorların iştirakını alqışlayır. Biz Azərbaycan şirkətlərinin cəlb edilməsində maraqlıyıq və onları gələcək tenderlərdə iştirak etməyə dəvət edirik.
Moldovada BOEM sektorunda investorlara dəstək məqsədilə istehsal edilən elektrik enerjisinin zəmanətli alışını təmin edən və investisiyaların qaytarılmasına kömək edən üç əsas mexanizm mövcuddur. Birincisi, 2024-cü il yanvarın 1-dən etibarən əvvəlki "net metering" modelini əvəz edən "net billing" sistemi şəxsi istehlak üçün enerji istehsal edən kiçik istehsalçılara münasibətdə tətbiq olunur. İkincisi, 15 il müddətinə sabit tarif hərracda iştirak etmədən 1 MVt-a qədər (günəş enerjisi istehsalı üçün) və ya 4 MVt-a qədər (külək enerjisi istehsalı üçün) gücə malik olan layihələrə şamil olunur. Üçüncüsü, hərrac vasitəsilə paylaşdırılan 15 il müddətinə sabit qiymət gücü 1 MVt-dan (günəş) və ya 4 MVt-dan (külək) yuxarı olan layihələrə tətbiq olunur. Əlavə olaraq şirkətlər müsabiqə prosedurlarında iştirak etmədən sərbəst bazar şərtləri ilə layihələr həyata keçirə bilərlər".
Biz bütün investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən şərtləri təmin etməyə çalışır və Azərbaycan biznesinin Moldovanın enerji transformasiyasının fəal hissəsinə çevriləcəyinə ümid edirik", - moldovalı nazir deyib.
Onun sözlərinə görə, Moldova 2030-cu ilə qədər son enerji istehlakında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq, enerji istehlakını 2 762 kiloton neft ekvivalentindən aşağı səviyyədə saxlamaq və Dnestr çayının sağ sahilində istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 68,5 % (və ya əlavə tədbirlər tətbiq etməklə 88 %) azaltmaq öhdəliyi götürüb.