Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalanıb

AZƏRBAYCAN
GÜNƏŞ

image

Azərbaycan Respublikasının Hökuməti ilə ilk bərpa olunan enerji hərracının qalibi Çinin “Universal International Holdings Limited” şirkətinin törəməsi “Universal Solar Azerbaijan” MMC arasında 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi imzanalıb.

Renewables.az xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində Energetika Nazirliyi və “Universal Solar Azerbaijan” MMC tərəfindən imzalanıb.

İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur.

Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq.

2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək.

Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.



OXŞAR XƏBƏRLƏR