Serbiya bərpa olunan enerji mənbələri ilə bağlı təşəbbüslərdə Azərbaycandan olan tərəfdaşların potensial iştirakını alqışlayır.
Bunu “Report”a müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib.
Onun sözlərinə görə, Serbiyada bərpa olunan enerji sahəsində özəl sektor mühüm rol oynayır.
“Bu sahəyə investisiyaları fəal şəkildə təşviq edirik və mənşə ölkəsindən asılı olmayaraq bütün investorlar üçün bərabər şərait təmin edirik. Bu gün Azərbaycan şirkətləri Serbiya bazarının bu seqmentində təmsil olunmur, lakin biz əməkdaşlığa açığıq və istənilən konkret təklifləri nəzərdən keçirməyə hazırıq. Serbiyanın "Elektroprivreda Srbije" dövlət enerji şirkəti növbəti 3-4 il ərzində bərpa olunan enerji mənbələri üzrə 1 200 MVt-dan çox gücün istifadəyə verilməsi ilə bağlı layihələr həyata keçirməyi planlaşdırır”, - nazir qeyd edib.
D.C.Handanoviç vurğulayıb ki, Qara dənizin dibi ilə keçərək Cənubi Qafqaz regionunu Rumıniya və daha sonra Avropa ilə birləşdirən sualtı kabel layihəsi Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Serbiyaya səfəri zamanı müzakirə olunub.
“Əsas mövzulardan biri Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirməli olan "yaşıl enerji dəhlizi"ndə Serbiyanın mümkün rolu olub”, - o əlavə edib.
Bundan başqa, serbiyalı nazir dekarbonizasiya prosesinə keçid kontekstində beynəlxalq əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
“Ötən il Serbiya və Azərbaycanın Energetika nazirlikləri arasında imzalanmış anlaşma memorandumu qarşılıqlı fəaliyyətimizdə yeni bir fəsil açdı – bu dəfə həm də "yaşıl enerji" sahəsində”, - o deyib.
D.C.Handanoviçin sözlərinə görə, ölkələrimizin son illərdə enerji keçidi sahəsində nail olduğu hər şey təcrübə mübadiləsi üçün yaxşı təməldir.
“Biz Azərbaycanın enerji keçidi sahəsində təcrübəsini dəyərli və perspektivli hesab edirik. Əminəm ki, yaxın zamanda siyasi və strateji dialoqdan bərpa olunan enerji sahəsində əməkdaşlığın konkret formalarına keçid edəcəyik”, - o bildirib.