Şəbəkə infrastrukturunun modernləşdirilməsi ilə yanaşı, enerji sisteminin çevikliyinin artırılması istiqamətində də addımlar atılır. Bu il Azərbaycanda ilk dəfə olaraq ümumi gücü 250, saxlama tutumu isə 500 MVt-saat olan batareya enerji saxlama sistemləri quraşdırılıb.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.
Məqalədə qeyd edilib ki, 2028-ci ildən sonrakı dövrdə elektrik şəbəkəsinin əlavə bərpaolunan enerji güclərini qəbul etmək imkanlarının qiymətləndirilməsi məqsədilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə birgə tədqiqat aparılıb: "Dəyişkən bərpaolunan enerji (VRE) və batareya enerji saxlama sistemlərinin (BESS) müxtəlif güc kombinasiyalarını əhatə edən ssenarilər üzrə hesablamalar həyata keçirilib. Bu tədqiqatlar növbəti mərhələdə elektrik şəbəkəsinə əhəmiyyətli həcmdə “yaşıl enerji” gücünün əlavə edilməsinin mümkünlüyünü təsdiqləməklə yanaşı, beynəlxalq enerji şirkətləri ilə imzalanmış müqavilələr üzrə layihələrin icrasını da sürətləndirməyə kömək edəcək. Bu isə 2030-cu ilə qədər bərpaolunan enerjinin ümumi qoyuluş gücündə payını 38,7 faizə çatdırmaq hədəfinin reallaşmasına yeni təkan verəcək".