“Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihəsi çərçivəsində Şuşada “Ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı təlim keçirilib.
Təlimdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev bildirdi ki, xüsusilə ev təsərrüfatları və kiçik müəssisələrdə günəş panelləri və külək turbinləri kimi bərpa olunan enerji qurğuları quraşdırılaraq təmiz enerjidən istifadə edilə bilər. Həmçinin bərpa olunan enerji mənbələrinin ev təsərrüfatlarında tətbiqinin həm ekoloji, həm də iqtisadi baxımdan vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərin Yaşıl enerji zonası elan edildiyini nəzərə alaraq oxşar texnologiyaların yalnız Şuşa şəhərində deyil, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da tətbiq edildiyi və gələcəkdə qeyd olunan yanaşmaların davam etdiriləcəyi sakinlərin diqqətinə çatdırıldı. Cəbrayıl Əliyev adıçəkilən layihə çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış evlərində və inzibati binalarda quraşdırılmış damüstü günəş panellərinin iqtisadi səmərəliliyi və əhalinin yaşıl texnologiyalardan istifadəsi nəticəsində elektrik enerjisi üzrə əldə edə biləcəyi qənaət barədə məlumat verdi.
Eyni zamanda təlimdə yaşıl enerji texnologiyalarının tətbiqi ilə bağlı praktiki tövsiyələri əhatə edən mövzular müzakirə edildi.
Təlimdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin nümayəndələri və şəhər sakinləri iştirak edib.

