UNECE Azərbaycanı bərpa olunan enerji mənbələrinə keçiddə dəstəkləməyə hazırdır

AZƏRBAYCAN

image

Azərbaycan, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) regionundakı qonşuları kimi, bərpa olunan enerji mənbələri sahəsində əhəmiyyətli, lakin hələ tam istifadə olunmamış potensiala malikdir.

Bunu “Report”a UNECE-nin kommunikasiya şöbəsinin rəhbəri və mətbuat katibi Jan Rodriqes bildirib.

Onun sözlərinə görə, UNECE regionu 2030-cu ilə qədər bərpa olunan enerji istehsal gücünü üç dəfə, enerji səmərəliliyini isə iki dəfə artırmaq öhdəliklərinin yerinə yetirilməsi istiqamətində irəliləyir. Bununla belə, hazırkı inkişaf tempi hələ də Dayanıqlı İnkişaf Məqsədlərinin 7-ci bəndinin (energetika) tələblərinə və iqlim dəyişikliyi ilə mübarizə üzrə təcili tədbirlərə uyğun deyil.

J.Rodriqes vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri getdikcə daha kəskin hiss edilir. Bu isə bərpa olunan enerji mənbələrinin genişləndirilməsini və enerji səmərəliliyi sahəsinə investisiyaların artırılmasını zəruri edir.

“UNECE-yə üzv dövlətlər enerji təhlükəsizliyi, əlçatanlıq və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan dayanıqlı enerji sistemlərinin qurulması üçün dəstək istəyirlər. Bu proses inteqrasiya olunmuş yanaşma tələb edir ki, bu da aşağı və sıfır karbonlu texnologiyaların tətbiqini, eləcə də ədalətli enerji keçidi çərçivəsində səylərin koordinasiyasını əhatə edir”, - o bildirib.

J.Rodriqes qeyd edib ki, bərpa olunan enerji mənbələrinə yatırılan investisiyalar iqtisadiyyatın dekarbonizasiyasına, qalıq yanacaqlardan asılılığın azaldılmasına və enerji səmərəliliyinin artırılmasına töhfə verə bilər.

O, həmçinin bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) UNECE, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), Azərbaycan Energetika Nazirliyi və COP29 sədrliyi ilə birlikdə Mərkəzi Asiyada bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi və onun maliyyələşdirilməsi məsələlərini müzakirə ediblər. UNECE bu sahədə region ölkələrinə dəstəyini davam etdirəcək.

J. Rodriqes əlavə edib ki, UNECE dövlətlərə Dayanıqlı Enerji üzrə Hökumətlərarası Komitə vasitəsilə enerji keçidində kompleks dəstək göstərir, karbon neytrallığına nail olmaq üçün praktiki tövsiyələr hazırlayır və siyasət, eləcə də potensialın artırılması sahəsində məqsədyönlü yardım təqdim edir.

“Bu prosesin uğurla həyata keçirilməsi üçün maliyyələşdirmə əsas faktora çevrilir. UNECE beynəlxalq investisiyaların cəlb olunması məqsədilə COP sədrləri və “Yüksək səviyyəli İqlim Çempionları” ilə əməkdaşlıq edir. Bu il Mərkəzi Asiyada 50-dən çox layihə qiymətləndirilib, onlardan bir çoxu UNECE tərəfindən hazırlanmış PIERS (Public Private Partnership and Infrastructure Evaluation Rating System) metodologiyası əsasında dəyərləndirilib. Bu yanaşma infrastruktur layihələrinin dayanıqlı inkişafa töhfəsini ölçməyə imkan verir”, - o bildirib.

J.Rodriqes hesab edir ki, energetikada rəqəmsallaşma səmərəliliyi artırmağa, resurslardan daha optimal istifadəyə və xərclərin azaldılmasına kömək edəcək, nəticədə daha “təmiz enerji sistemləri”nin yaradılmasına şərait yaradacaq.

“Bu yaxınlarda UNECE enerji keçidinin sürətləndirilməsi üçün süni intellekt və digər texnologiyaların tətbiqini nümayiş etdirən tematik tədqiqatlar toplusunu təqdim edib. Bu tədqiqatlar rəqəmsal transformasiyaların effektiv idarə olunması üçün aydın idarəetmə çərçivələrinin vacibliyini vurğulayır”, - o əlavə edib.



OXŞAR XƏBƏRLƏR