Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Xorvatiyanın "ENNA Group" şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda mövcud imkanların qiymətləndirilməsi və iqtisadi cəhətdən səmərəli investisiyalar üçün əsas şərtlərin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək.
Renewables.az-ın "ENNA Group"un məlumatına istinadən xəbərinə görə, memoranduma əsasən, əməkdaşlıq çərçivəsində əsas diqqət günəş və külək elektrik stansiyalarının inkişafına yönələcək.
Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinin potensial inkişafı üzrə əməkdaşlıq üçün çərçivə yaradır. Sənəd "ENNA Group"u Azərbaycanla əməkdaşlıq çərçivəsi əldə edən ilk Xorvatiya və ilk Avropa şirkətlərindən birinə çevirir. Gələcək qiymətləndirmələr və müvafiq təsdiqlərdən sonra bu əməkdaşlıq Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiyalara gətirib çıxara bilər.
Memorandum ilkin mərhələdə 12 aylıq əməkdaşlıq müddətini əhatə edir. Tərəflər bu müddət ərzində birgə qiymətləndirmələrin aparılmasını, ekspert biliklərinin mübadiləsini və gələcəkdə bərpa olunan enerji sahəsinə investisiyaları dəstəkləyə biləcək şərtlərin hazırlanmasını planlaşdırırlar.
Sənəd BOEMDA və "ENNA Group" nümayəndələrindən ibarət birgə idarəetmə komitəsinin yaradılmasını nəzərdə tutur. Komitə memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirəcək və qərarları qarşılıqlı razılıq əsasında qəbul edəcək.
Qeyd edək ki, "ENNA Group" 2025-ci ilin sonunda Xorvatiyadan kənarda ilk günəş elektrik stansiyasının tikintisinə başlayıb.
Xatırladaq ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının Nazirlərin 4-cü iclası çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Xorvatiyada yerləşən ENNA Group arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.
