“Yaşıl Enerji Zonası”nda ümumi gücü 3000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

İşğaldan azad edilmiş ərazilərdə cari dövrədək 550-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 3000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdiriləcək.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, Laçın rayonunun Zabux kəndində 223, Sus kəndində 59 fərdi yaşayış evinin hər birində 3.3 kVt, Laçın şəhərində 24 fərdi yaşayış evinin hər birində 3-5 kVt, Zəngilan rayonunda yerləşən Konqres Mərkəzində 166 kVt, Füzuli və Laçın şəhərlərində, Zabux və Sus kəndlərində yerləşən məktəb binalarında 20-40 kVt, Zəngilan rayonunun Ağalı kəndində inzibati binaların üzərində ümumi gücü 325 kVt olan damüstü günəş panelləri quraşdırılmış və şəbəkəyə qoşulma təmin edilmişdir.

Qeyd olunanlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismar olunur və növbəti illərdə kiçik su elektrik stansiyalarının bərpası və quraşdırılması üzrə işlər davam etdiriləcək. Qeyd olunmalıdır ki, hazırda işğaldan azad olunmuş ərazilər tam olaraq yaşıl enerji ilə qidalanır və istehlakdan artıq enerji ölkənin enerji sisteminə ötürülür.

İşğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialının istifadəsi və ərazilərin ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin edilməsi “Yaşıl Enerji Zonası” Konsepsiyasının əsas məqsədlərindən biridir. Konsepsiyanın tələblərinə əsasən məskunlaşma zamanı çoxmənzilli binalarda, fərdi yaşayış evlərində, ictimai və sosial binalarda yaşıl texnologiyaların, o cümlədən günəş panellərinin quraşdırılması təmin edilməli və enerji səmərəlilik tədbirlərinə riayət edilməlidir. Konsepsiyadan irəli gələn məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 357s nömrəli 21 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 avqust 2022-ci il tarixli 459s nömrəli Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup”u fəaliyyət göstərir. “2024-cü il üçün işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə Monitorinqin aparılmasının İcra Qrafiki”nə əsasən monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı şəhər, rayon, kənd və qəsəbələrdə olan çoxmənzilli yaşayış binalarına, fərdi yaşayış evlərinə, ictimai və sosial binalara baxış keçirilmiş və layihələrin “Yaşıl Enerji Zonası” Konsepsiyasının prinsiplərinə uyğunluğu qiymətləndirilmişdir.



OXŞAR XƏBƏRLƏR