Ölkəmizdə bərpa olunan enerjinin regional xarakterli növbəti inkişaf mərhələsi Xəzər dənizinin zəngin külək enerjisi potensialının reallaşdırılmasına və Azərbaycan vasitəsilə Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı birləşdirən “yaşıl enerji” dəhlizlərinin yaradılmasına əsaslanır. Bu layihələr ölkəmizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək, Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunan enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam etdirilir. Həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green” şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcə də “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited” şirkətləri ilə əməkdaşlıq edilir. Planlaşdırılan 6 QVt-dan çox gücün 4 QVt-nın 2032-ci ildən etibarən mərhələli şəkildə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına başlanması planlaşdırılır. Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Birgə Müəssisə - “GECO Green Energy Company” tərəfindən layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciət olunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək.
Digər bir “yaşıl enerji” dəhlizi üzrə işlər ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin imzalanması ilə başlandı. Azərbaycan Prezidentinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə uzlaşan “Transxəzər Enerji Dəhlizi” tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edilib və şirkət seçimi tamamlandıqdan sonra noyabr ayında Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankının maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq.
Bu ilin aprelində imzalanmış Memoranduma əsasən, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin isə Texniki Tapşırıq sənədi hazırlanır və sənədin tamamlanmasından sonra məsləhətçi şirkətin seçimi üçün tender keçiriləcək. Beləliklə, müxtəlif dəhlizlər və interkonnektorlar gələcəkdə bir-biri ilə əlaqələndirilərək, Mərkəzi Asiyadan Avropaya qədər geniş coğrafiyada Azərbaycanı bərpa olunan enerjinin ixracı və tranzitində aparıcı ölkə mövqeyinə yüksəldəcək. Eyni zamanda, bu layihələr uzaq məsafəli enerji mənbələrinin istehlak mərkəzləri ilə inteqrasiyasını təmin edərək, enerji təchizatı ilə tələbat arasında tarazlığı qoruyacaq və böyük həcmdə “yaşıl enerji” güclərinin şəbəkəyə qoşulmasını reallaşdırmaqla qlobal miqyasda “yaşıl keçid” prosesinə mühüm töhfə verəcək.