“Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcını ifadə edir. Çünki Azərbaycan bizim üçün yalnız investisiya mühiti deyil, Səudiyyə Ərəbistanı Krallığı ilə möhkəm tarixi əlaqələrə və qarşılıqlı etimada əsaslanan mühüm tərəfdaş ölkədir.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində “ACWA Power” şirkətinin Orta Asiya üzrə prezidenti Abid Malik deyib.
Regional direktor vurğulayıb ki, Xızı-Abşeron bölgəsində həyata keçirilən bu təşəbbüs “ACWA Power”ın Azərbaycandakı ilk əsas bərpaolunan enerji layihəsi olmaqla yanaşı, ölkənin və regionun enerji sektorunda mühüm miqyaslı, strateji əhəmiyyətə malik layihələrindən biridir. “Layihə müasir texnologiyalara əsaslanan külək enerjisi istehsalı vasitəsilə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Bu təşəbbüsün əsas üstünlüklərindən biri də onun ekoloji və iqlim təsiridir. Layihə istixana qazı emissiyalarının azaldılmasına, təmiz enerji istehsalının artırılmasına və Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinin icrasına real töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, layihə yerli iqtisadiyyat və insan kapitalının inkişafına da xidmət edir. Yerli mütəxəssislərin cəlb edilməsi, gənc kadrların hazırlanması, yerli təchizatçı və istehsalçıların layihə prosesinə inteqrasiyası dayanıqlı sosial-iqtisadi dəyərin formalaşmasına imkan yaradır. Bu layihə “ACWA Power”ın dayanıqlı inkişaf, innovasiya və iqlim məsuliyyəti prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Şirkət gələcək mərhələdə də Azərbaycanla və müvafiq qurumlarla əməkdaşlığı genişləndirərək enerji saxlama texnologiyaları, su təhlükəsizliyi və əlavə bərpaolunan enerji layihələri üzrə yeni təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin bu təşəbbüs Azərbaycanın enerji keçidində mühüm mərhələ, region üçün isə uğurlu tərəfdaşlıq modeli olmaqla, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəm təməlini formalaşdırır”, - deyə Abid Malik qeyd edib.
