Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti (Warwick Manufacturing Group – WMG) arasında magistratura səviyyəsində həyata keçirilən “Bərpa olunan enerji mənbələri” üzrə beynəlxalq ikili diplom proqramının tələbələri üçün İngiltərədə təşkil olunan Yay Məktəbi çərçivəsində ekskursiyalar davam edir.
“UK Renewable Energy Sector” fənn bloku üzrə nəzərdə tutulan 4 sahə ziyarətindən növbətisi 13 avqust 2025-ci ildə təşkil olunub. Bu dəfə tələbələr Avropanın ən böyük müstəqil bərpa olunan enerji istehsalçılarından biri olan Nadara Külək Elektrik Stansiyasını ziyarət ediblər.
Ekskursiya zamanı tələbələrə stansiyanın yaranma tarixi, texniki xüsusiyyətləri, enerji istehsalı prosesi və külək turbinlərinin iş prinsipi haqqında ətraflı təqdimat keçirilib. Onlar real vaxtda turbinlərin fəaliyyəti ilə tanış olub, enerji istehsalının ekoloji təsirləri, istismar zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri və dayanıqlı enerji strategiyaları barədə mühəndislərlə fikir mübadiləsi aparıblar.
Ekskursiya tələbələrin nəzəri biliklərini praktik mühitdə tətbiq etməsinə, həmçinin bərpa olunan enerji sahəsində qlobal təcrübə ilə tanış olmalarına şərait yaradıb.






