Almaniyanın aparıcı enerji şirkətləri Azərbaycanın yaşıl enerji keçidini dəstəkləmək, elektrik şəbəkələrini modernləşdirmək və yeni enerji infrastrukturu layihələrində iştirak etmək imkanlarını nəzərdən keçirirlər.
Renewables.az xəbər verir ki, bu barədə "Euronews" Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən "Almaniya-Azərbaycan Bağlantılılıq Konfransı" ilə bağlı hazırladığı xəbərdə məlumat verib. Bakıda keçirilən tədbirdə alman şirkətlərinin Azərbaycanla enerji sahəsində əməkdaşlıq planları müzakirə olunub.
"Siemens Energy" şirkətinin Avropa üzrə baş vitse-prezidenti Frederik Doye Azərbaycanın dənizdə külək enerjisi potensialının Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən enerji əlaqələrində ölkəni mühüm mövqeyə çıxardığını vurğulayıb. Onun sözlərinə görə, şirkət Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı və planlaşdırılan Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üçün zəruri texnologiya və təcrübə təqdim etməyə hazırdır.
"AHK Azerbaijan"nın maraqlı tərəflərlə əlaqələr üzrə rəhbəri Yuliya Egel alman şirkətlərinin Azərbaycanın bərpa olunan enerji istehsalını artırmaq hədəflərinə töhfə verə biləcəyini bildirib. Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalı üzrə quraşdırılmış gücdə payını 30 %-ə çatdırmaq hədəfi var. Egel həmçinin alman enerji şirkətlərinin Azərbaycana ticarət missiyasının planlaşdırıldığını açıqlayıb. Proqram çərçivəsində şirkətlərarası (B2B) görüşlərin keçirilməsi və gələn il təşkil olunacaq "Bakı Enerji Həftəsi"ndə Almaniya şirkətlərinin pavilyonlarının yaradılması imkanları nəzərdən keçirilir.
Almaniyanın külək turbinləri istehsalçısı "Enercon" şirkəti Azərbaycanda yerli istehsal müəssisəsinin yaradılması imkanlarını araşdırır. Şirkətin nümayəndəsi Tayfun Bayraktar bildirib ki, Azərbaycanda investisiya imkanları və külək turbinləri istehsalçısı kimi fəaliyyətə başlamaq perspektivləri qiymətləndirilir. Onun sözlərinə görə, hələlik şirkətə rəsmi təklif daxil olmayıb. Lakin danışıqlar uğurlu nəticələnsə, gələcəkdə Azərbaycanda ixrac potensialına malik istehsal müəssisəsinin yaradılması mümkün ola bilər. Bayraktar investisiyanın həcminin tələbatdan asılı olacağını qeyd edib. Hazırda bir ədəd 7 MVt gücündə külək turbininin qiyməti təxminən 7–8 milyon avro təşkil edir.
Konfransda elektrik şəbəkələrinin modernləşdirilməsi, batareya enerji saxlanc sistemlərinin (BESS) tətbiqi və elektrik avtomobilləri üçün enerji doldurma infrastrukturunun inkişafı da müzakirə olunub.