Azərbaycan nümayəndə heyəti 16-17 iyun tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçirilən "Global Offshore Wind 2026" beynəlxalq konfransında təmsil olunub.
Renewables xəbər verir ki, heyətin tərkibində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "SOCAR Green", "Azerbaijan Green Energy Company" və "Yaşıl Dəhliz Birliyi" MMC-nin nümayəndələri iştirak ediblər.
Konfrans çərçivəsində nümayəndə heyəti Mançester Mərkəzi Konqres Kompleksində keçirilən sərgi və panel müzakirələrdə iştirak edib, dənizdə külək enerjisi sahəsində fəaliyyət göstərən çoxsaylı beynəlxalq şirkətlərlə tanış olub və şəbəkələşmə görüşləri keçirib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün ayrıca təşkil olunmuş tədbirdə Böyük Britaniyanın dənizdə külək enerjisi təchizat zəncirini təmsil edən şirkətlər – "GE Vernova", "Tekmar", "Kinewell", "Marsh UK", "ABL Group" (OWC), "Ryse Energy", "CM Energy Services", "Briggs Marine", "Haskoning", "Xlinks", "ASCO World", "JDR Cables", "Subsea7", "Wood" və "Worley" tərəfindən təqdimatlar keçirilib.
Tədbirdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov "Azərbaycanın bərpa olunan enerji keçidi və 2030 baxış" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkənin dənizdə külək enerjisi potensialı, görülən işlər və beynəlxalq investisiya imkanları barədə geniş məlumat verilib.
Səfərin davamında nümayəndə heyəti Uelsdə yerləşən RWE şirkətinə məxsus "Gwynt y Môr" və "Rhyl Flats" dənizdə külək stansiyalarına səfər edib. "Mostyn" limanında keçirilən proqram çərçivəsində iştirakçılar dənizdə külək parkının idarəetmə sistemi, dənizdə yerləşən yarımstansiyalar və əməliyyat prosesi ilə yaxından tanış olublar.
Bu səfər dənizdə külək enerjisi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və potensial investisiya imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər Böyük Britaniya hökumətinin dəstəyi və səfirliyin dəvəti əsasında təşkil olunub.
