Azərbaycan Çin şirkəti ilə bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşunu müzakirə edib

AZƏRBAYCAN

image

Azərbaycan Çinin "PowerChina Resources Ltd." şirkəti ilə bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşunu müzakirə edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr şirkətin sədri Conq Haysianq ilə görüşdə aparılıb: "Görüşdə müasir texnologiyaların və innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlığın perspektivlərini qeyd etdik." Onun sözlərinə görə, görüşdə birgə fəaliyyətin şaxələndirilməsi, ixrac potensialının artırılması, dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli şəkildə idarə olunması layihələrinin həyata keçirilməsi imkanları dəyərləndirilib.

Nazirliyin məlumatına görə, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin dinamik inkişafı, son illər imzalanmış strateji sənədlər və əldə olunmuş razılaşmaların uğurla icrasından məmnunluqla qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, “yaşıl enerji” və dayanıqlı inkişaf hədəfləri Azərbaycan-Çin əməkdaşlığı üçün yeni imkanlar açır.

Tərəflər müasir texnologiyaların və innovativ həllərin tətbiqi sahəsində əməkdaşlığın perspektivləri, birgə fəaliyyətin şaxələndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşu, ixrac potensialının artırılması və dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli idarə olunması və çirkab suların təmizlənməsi üzrə layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər. 

Vurğulanıb ki, Azərbaycan-Çin əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr ölkəmizin yaşıl enerji keçidinə, ixrac potensialının genişlənməsinə və ekoloji dayanıqlığın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, “PowerChina Resources Ltd.” dünya miqyasında enerji, infrastruktur və tikinti sahələrində geniş layihələr həyata keçirən aparıcı Çin şirkətlərindən biridir. Şirkət elektrik enerjisi istehsalı, bərpa olunan enerji, hidroenerji, külək və günəş stansiyalarının inşası, həmçinin su təsərrüfatı və irimiqyaslı infrastruktur layihələri üzrə zəngin təcrübəyə malikdir. Şirkətin qlobal əməkdaşlıq şəbəkəsi, eləcə də “SOCAR Green” kimi tərəfdaşlarla birgə həyata keçirdiyi layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji baxımdan təmiz texnologiyaların təşviqinə töhfə verir.



OXŞAR XƏBƏRLƏR