Azərbaycanın regional logistika və enerji mərkəzi kimi rolunun güclənməsi strateji baxımdan ölkəmizə böyük üstünlüklər qazandıra bilər. Xüsusilə Çin kimi enerjiyə yüksək tələbatı olan bir ölkə ilə əlaqələrin möhkəmlənməsi Azərbaycanın enerji sektoru üçün böyük imkanlar yaradır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Çinin Tsinghua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin sədri Zhou Bo bildirib.
Onun sözlərinə görə, Çin iqtisadi göstəricilərinə görə dünyanın ikinci ən böyük iqtisadiyyatıdır, alıcılıq qabiliyyətində isə artıq dünyanın ən böyük iqtisadiyyatına çevrilib.
“Bərpaolunan və yaşıl enerji sahəsində Çin son illərdə əhəmiyyətli irəliləyişlər əldə etsə də, ölkənin enerji istehlakı sürətlə artmaqda davam edir. Bu baxımdan, Azərbaycan yalnız neft və qaz resursları ilə deyil, həmçinin bərpaolunan enerji və logistik imkanları ilə də strateji tərəfdaş kimi çıxış edə bilər. Azərbaycan həm Xəzər dənizinin enerji mənbələrinə çıxışı, həm də regionda enerji nəqliyyatının keçid nöqtəsi olması ilə Çin üçün əlverişli enerji və logistika marşrutları təklif edə bilər. Ümumilikdə, Azərbaycan enerji resurslarının düzgün idarə edilməsi, dayanıqlı enerji siyasəti və regional logistika imkanlarının inkişaf etdirilməsi ilə Çin kimi böyük enerji istehlakçısına strateji tərəfdaş kimi çıxış edə bilər. Bu da ölkəmizin uzunmüddətli iqtisadi və geosiyasi maraqlarını gücləndirən mühüm addımdır”, -deyə o vurğulayıb.
