Azərbaycandan olan özəl şirkətlər davamlı enerji həllərinin təşviqində Maldiv adaları üçün etibarlı müttəfiq ola bilər. Bunu "Report"a müsahibəsində Maldiv Respublikasının tikinti və infrastruktur naziri Abdulla Müttəlib deyib.
Nazir qeyd edib ki, ölkəsi qalıq yanacaq idxalından yüksək asılılıq problemi ilə üz-üzədir: "Bu, bizi xarici qiymət və təklif dəyişikliklərinə qarşı həssas edir. Biz görürük ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində fəal şəkildə irəliləyir, neft və qazdan asılılığını tədricən azaldır. Bu təcrübə bizim üçün xüsusilə vacibdir".
O vurğulayıb ki, Maldiv adaları günəşli ölkədir və gündə təxminən 12 saat günəş işığı düşür və bu, ona günəş enerjisindən xeyli miqdarda elektrik enerjisi istehsal etməyə imkan verir.
"Hazırda oxşar layihələrin hazırlanması üçün tərəfdaşlar və investorlar axtarırıq", - nazir əlavə edib.
A.Müttəlib qeyd edib ki, Maldiv adaları günəş enerjisi sahəsində böyük potensiala malikdir.
"Günəş və külək enerjisi ilə işləyən şəhərlər, qalıq yanacaq asılılığından azad şəhərlər arzulayırıq. Bəli, məhdud torpaq resurslarımız var, lakin dəniz var və bu, bizə üzən günəş elektrik stansiyalarının yaradılması üçün unikal imkanlar açır. Biz bu layihələrə beynəlxalq sərmayələri qəbul etməyə hazırıq. Bu, təkcə karbon izimizi azaltmağa kömək etməyəcək, həm də gələcək üçün etibarlı və dayanıqlı enerjini təmin edəcək", - nazir əlavə edib.