Azərbaycanın damüstü günəş enerjisi potensialına dair tədqiqatın nəticələri təqdim olunub

AZƏRBAYCAN
GÜNƏŞ

image

Bakı Enerji Həftəsi çərçivəsində 3 iyun tarixində Bakı Ekspo Mərkəzində “Mapping Azerbaijan's Distributed Solar Rooftop PV Potential” (“Azərbaycanın damüstü günəş enerjisi potensialının xəritələndirilməsi”) mövzusunda tədbir keçirilib.

Bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.

Tədbir Azərbaycanın müxtəlif şəhərlərində damüstü günəş enerjisi potensialının qiymətləndirilməsi, bərpa olunan enerji mənbələrinin paylayıcı şəbəkələrə inteqrasiyası və bu istiqamətdə mövcud imkanların müzakirəsinə həsr olunub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister çıxış edərək ölkənin yaşıl enerji keçidi, bərpa olunan enerji sahəsində müəyyən edilmiş hədəflər və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbir zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rana Hümbətova Azərbaycanın yaşıl enerji siyasəti, milli prioritetlər və bərpa olunan enerji mənbələrinin ölkənin sosial-iqtisadi inkişaf strategiyasındakı rolu barədə təqdimatla çıxış edib.

Layihə çərçivəsində cəlb olunmuş məsləhətçi şirkətin nümayəndələri Fang Fang və Yi Xiong tərəfindən Azərbaycanın doqquz şəhəri üzrə damüstü günəş enerjisi potensialına dair aparılmış texniki qiymətləndirmənin nəticələri təqdim olunub. Bildirilib ki, tədqiqat nəticəsində ümumilikdə 9,4 QVt həcmində texniki potensial müəyyən edilib ki, bu da ildə 11 808 QVt.saat təmiz elektrik enerjisi istehsalına imkan yarada bilər.

Dünya Bankının enerji məsələləri üzrə mütəxəssisi Teona Elizarashvili isə damüstü günəş enerjisi sistemlərinin geniş tətbiqinin və elektrikdoldurma məntəqələrindən isitfadənin artması nəticəsində elektrik paylayıcı şəbəkəyə təsiri barədə barədə təqdimatla çıxış edib. Təqdimatda damüstü günəş enerjisi sistemlərinin geniş tətbiqi fonunda şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və çevik idarəetmə həllərinin əhəmiyyəti vurğulanıb.

Daha sonra tədbirin sual-cavab sessiyasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji Sektorunda Liberallaşdırma şöbəsinin müdiri Elmar Gülalıyev və “Azərişıq” ASC-nin sədr müavininin müşaviri Araz Məmmədzadə tərəfindən damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üçün tələb olunan tənzimləyici prosedurlar, paylayıcı şəbəkənin texniki məhdudiyyətləri və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər, eləcə də özəl sektorun bu sahədə iştirakının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbir dövlət qurumları, beynəlxalq təşkilatlar, enerji şirkətləri və ekspertlər arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycanın yaşıl enerji gündəliyinin həyata keçirilməsi istiqamətində mühüm müzakirə platforması rolunu oynayıb.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR