Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında enerji sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun hibrid formatda ikinci iclası keçirilib.
Energetika Nazirliyinin məlumatına görə, iclasda enerji sektorunun müxtəlif istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan ilə Çexiya arasında enerji sahəsində formalaşmış etibarlı tərəfdaşlığın ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan Çexiyanın neft tələbatının əhəmiyyətli hissəsini təmin etməklə bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinin Avropa İttifaqının enerji təhlükəsizliyi və təbii qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyəti vurğulanıb, bu dəhlizin Çexiya bazarının qaz təchizatında istifadəsinə maraq ifadə edilib.
İclasda enerji təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsi, yaşıl enerji keçidi və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Çexiyanın enerji səmərəliliyi sahəsində ESCO təcrübəsinə malik şirkətləri 2 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək və beynəlxalq ESCO şirkətləri ilə Azərbaycanın əsas enerji istehlakçıları arasında birbaşa əlaqələrin qurulmasına yönəlmiş dəyirmi masada iştiraka dəvət edilib.
Yekunda Birgə İşçi Qrupun ikinci iclasının protokolu imzalanıb.
