Azərbaycan və Malayziya İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində öz mövqelərini gücləndirərək, su ehtiyatları, bərpa olunan enerji və ətraf mühitin qorunması sahəsində birgə layihələr həyata keçirmək əzmindədir. Bunu Malayziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ahmad Kamrizamil Mohd Riza "Report"a müsahibəsində deyib.
"Ən perspektivli istiqamətlərdən biri məhz bərpa olunan enerjidir. Gələcəkdə enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edəcək ki, bu da Azərbaycanın enerji sektorunun davamlı inkişafı strategiyasına uyğundur. Azərbaycan öz qarşısına "yaşıl enerji"nin quraşdırılmış gücdəki payının keçən ilin sonuna olan 21,3 %-dən 2027-ci ilə qədər 33,7 %-ə çatdırılması ilə bağlı iddialı məqsədlər qoyub. Bu da investorlar və həll təminatçıları üçün olduqca cəlbedicidir. Külək enerjisi və günəş parkları ilə bağlı layihələrin həyata keçirilməsi daxili ehtiyacları ödəməklə yanaşı, həm də ölkənin regional "yaşıl enerji" mərkəzi kimi rolunu gücləndirəcək. Biz əminik ki, bu platformalarda proaktiv əməkdaşlıq enerji sahəsində qarşılıqlı faydalı tərəfdaşlığın potensialını maksimum dərəcədə üzə çıxarmağa imkan verəcək", - səfir qeyd edib.