Türkmənistan və Azərbaycan təbii neft və qaz ehtiyatlarına malik zəngin iri enerji dövlətləri olmalarına baxmayaraq, "yaşıl enerji"nin inkişafına maraq göstərirlər.
Bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov "Report"a müsahibəsində deyib.
Səfirin sözlərinə görə, müzakirə olunan istiqamətlərdən biri Xəzər dənizi vasitəsilə "yaşıl enerji dəhlizləri"nin formalaşmasında Türkmənistanın iştirakıdır: "Belə layihələr bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Cənubi Qafqaz regionu vasitəsilə Avropa ölkələrinə ötürülməsi üçün infrastrukturun yaradılmasını nəzərdə tutur. Bu kontekstdə Azərbaycan "yaşıl enerji"nin beynəlxalq bazarlara nəqlini təmin edə biləcək mühüm tranzit mərkəzi kimi nəzərdən keçirilir. Günəş və külək enerjisi sahəsində layihələrin birgə inkişafı əməkdaşlığın perspektivli istiqaməti ola bilər. Türkmənistan günəş elektrik stansiyalarının inkişafı üçün əhəmiyyətli təbii resurslara malikdir, Azərbaycan isə külək potensialının mənimsənilməsi üzrə layihələri, o cümlədən Xəzər dənizi akvatoriyasında fəal şəkildə həyata keçirir. Bu imkanların birləşdirilməsi yeni regional enerji təşəbbüslərinin yaradılmasına kömək edə bilər".
"Həmçinin, "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ixracı üçün birgə infrastrukturun inkişafı da mühüm istiqamət ola bilər. Bura Xəzər dənizi vasitəsilə sualtı kabel xətlərinin çəkilməsi, enerji sistemlərinin inteqrasiyası və Avropa istiqamətində elektrik enerjisinin ixracı üzrə regional layihələrdə iştirak daxil ola bilər. Əməkdaşlığın digər perspektivləri "yaşıl hidrogen"in istehsalı və nəqli, enerji baxımından səmərəli texnologiyaların tətbiqi, habelə bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafına dair təcrübə və investisiya mübadiləsi sahəsində açılır. Birgə tədqiqatlar, texnoloji əməkdaşlıq və beynəlxalq enerji təşəbbüslərində iştirak iki ölkə arasındakı uzunmüddətli tərəfdaşlığın mühüm hissəsinə çevrilə bilər. Beləliklə, Azərbaycan və Türkmənistan arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın inkişafı, o cümlədən Xəzər vasitəsilə "yaşıl ixrac dəhlizləri"ndə iştirak, enerji bazarlarının şaxələndirilməsinə, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təşviqinə töhfə verə bilər", - o qeyd edib.
