Azərbaycanda ümumi elektrik enerjisi istehsalı gücü 9 700 MVt-ı keçib

AZƏRBAYCAN

image

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 9 732,5 MVt-a çatıb.

Bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya 15,6 % artım deməkdir: "Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1 880 MVt gücündə "8 Noyabr" Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu var. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir".

Nazir qeyd edib ki, elektroenergetika sistemində hazırda ümumi gücü

  • 7 903 MVt olan 24 istilik elektrik stansiyası,
  • 1 443,5 MVt-lıq 65 su elektrik stansiyası,
  • 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası,
  • 63,5 MVt gücündə 5 külək elektrik stansiyası,
  • 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir.

Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 18,8 %-ini təşkil edir. Bu dövrdə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714 MVA-a çatıb".

P.Şahbazov vurğulayıb ki, son illər artan istehsal gücü Azərbaycanın enerji balansında sabitliyi qoruyur: "Ötən il ölkədə 28,4 milyard kVt·st elektrik enerjisi istehsal olunub, bunun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4 milyardı ixraca yönəlib. İdxal isə 70,7 milyon kVt·st təşkil edib. Bu ilin ilk 9 ayında 21,8 milyard kVt·st enerji istehsal edilib, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·st həcmində olub".

Nazirin fikrincə, elektrik enerjisi istehsalında müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, burada artım dinamikasını məhz bərpa olunan enerji mənbələri formalaşdırır: "Xüsusilə, 230 MVt gücündə "Qaradağ" GES fəaliyyətə başladığı iki ilə yaxın müddət ərzində günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artmasına imkan yaradıb. Bu dövrdə stansiyada 1 milyard kVt·st elektrik enerjisinin istehsalı onun tam gücü ilə işləməsini təsdiqləməklə yanaşı, bir daha göstərir ki, Azərbaycan "yaşıl enerji" ilə bağlı qarşısına reallığa əsaslanan və özünü doğruldan hədəflər qoyub və onları ardıcıl şəkildə həyata keçirir".



OXŞAR XƏBƏRLƏR