Yeni Yaşmada nə baş verir: külək var, enerji yox?

AZƏRBAYCAN
KÜLƏK

image

Son illər "Azərişıq" ASC tərəfindən idarə olunan külək elektrik stansiyalarında elektrik enerjisi istehsalında kəskin azalma müşahidə olunur.

Elektrik enerjisinə dair operariv məlumatlara görə, 2021-2025-ci illərdə külək enerjisi istehsalı ardıcıl şəkildə azalaraq 66,1 milyon kVts-dan 27,0 milyon kVts-a qədər geriləyib. Bu, təxminən 59 %-ə yaxın ümumi azalma deməkdir.

"Azərişıq" ASC üzrə külək elektrik stansiyalarının illik istehsalı:

  • 2020-ci il: 75,1 milyon kVts;
  • 2021-ci il: 66,1 milyon kVts (-12 %);
  • 2022-ci il: 62,6 milyon kVts (-5,3 %);
  • 2023-cü il: 41,9 milyon kVts (-33 %);
  • 2024-cü il: 38,5 milyon kVts (-8,1 %);
  • 2025-ci il: 27 milyon kVts (-29,9 %).

Araşdırmalara görə, ümumiyyətlə, külək elektrik stansiyalarında istehsalın azalması əsasən külək rejiminin dəyişməsi, turbinlərin texniki baxım və nasazlıqlar səbəbindən dayanması, köhnə avadanlıqların effektivliyinin azalması və digər amillərlə əlaqələndirilir.

"Azərişıq" ASC üzrə külək elektrik parklarının ümumi qoyuluş gücü 55,3 MVt-dır. Stansiyaların yerləşdiyi Xızı rayonu külək enerjisi potensialı ilə zəngindir və tədqiqatlar göstərir ki, burada küləyin orta illik sürəti saniyədə 9,63 metr təşkil edir. Bu isə turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir.

Qeyd edək ki ki, Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq "Yeni Yaşma", 3,6 MVt-lıq "Yaşma Bağları" və 1,7 MVt-lıq "Şuraabad" külək elektrik parkları 2015-ci ilin 28 may tarixində ləğv edilmiş Alternativ və Bәrpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindәn işә salınıb. Stansiyalar Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında" 2017-ci il 22 dekabr tarixli sərəncamı ilə "Azərişıq" ASC-nin balansına verilib və 11.10.2018-ci ildə yenidənqurmadan sonra istismara verilib. 

Renewables.az


OXŞAR XƏBƏRLƏR