Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində "Bərpa olunan enerji" İşçi Qrupunun iclası keçirilib

10 sentyabr 2026, 17:19 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində "Bərpa olunan enerji" İşçi Qrupunun iclası keçirilib.

Renewables.az-a bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib.

Açılış nitqi ilə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri, İşçi qrupunun həmsədri Cəbrayıl Əliyev ilk öncə qonaqları salamlayaraq, İşçi Qrupunun işinə uğurlar arzulayıb.

Daha sonra “Türkiyənin bərpa olunan enerji mənbələri sahəsində mövcud vəziyyəti”mövzusu ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi rəsmisi, İşçi Qrupunun həmsədri Mustafa Çalışkan təqdimatla çıxış edib.

Görüş zamanı ötən dövr ərzində İşçi Qrupunun fəaliyyətləri, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerjiyə keçidinin təmin olunması, şəhərsalmada yaşıl texnologiyaların tətbiqi, Qarabağ regionunda kiçik su elektrik stansiyalarının quraşdırılması üzrə görülmüş işlər və planlaşdırılan layihələr və Xəzər dənizində tikintisi planlaşdırılan dənizdə külək elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin, günəş və külək enerjisi sektorunda son yeniliklər, hidrogen enerjisinin tətbiqi istiqamətində görülmüş işlərə dair məlumat mübadiləsi aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İclas hər iki ölkə rəsmilərinin təqdimatları ilə davam edib.

İclasda Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri, Türkiyə tərəfindən isə Energetika və Təbii Sərvətlər Nazirliyi ilə bərpa olunan enerjidən istifadə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində, 4-cü Forum isə 2025-ci il 4 sentyabr tarixində İzmir şəhərində keçirilib.

Renewables.az