Azərbaycan “Xlinks” şirkəti ilə Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib

22 Oktyabr 2026, 17:17 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Bakıda energetika naziri Pərviz Şahbazovla Böyük Britaniyanın “Xlinks” şirkətinin baş icraçı direktoru James Humfrey arasında görüş keçirilib.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafında şirkətin mümkün iştirakı, layihənin texniki və kommersiya həlləri, maliyyələşdirmə və idarəetmə modeli üzrə fikir mübadiləsi aparılıb.

Nazir Pərviz Şahbazov elektrikləşmənin sürətləndiyi dövrdə ölkələrarası enerji bağlantılarının enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi rifah baxımından əhəmiyyətini vurğulayıb. Bu bağlantıları ölkələr və regionlar arasında yeni ticarət imkanları yaradan körpülərə bənzədən nazir Cənub Qaz Dəhlizi təcrübəsinin belə layihələrin xalqları birləşdirdiyini, əlavə iqtisadi dəyər və uzunmüddətli əməkdaşlıq yaratdığını göstərdiyini bildirib. Yaşıl Enerji Dəhlizində fiber-optik bağlantının da nəzərdə tutulmasının enerji və rəqəmsal əməkdaşlıq imkanlarını genişləndirdiyi qeyd edilib.

James Humfrey şirkətin layihənin inkişafına dəstək göstərmək, birgə investisiya qoymaq və inkişaf mərhələsində öz vəsaiti ilə iştirak etmək marağını ifadə edib. “Xlinks”in texniki komandasının sualtı kabel və yüksək gərginlikli sabit cərəyan sistemləri üzrə təcrübəsi barədə məlumat verilib. Kapital xərclərinin optimallaşdırılması, icra müddətlərinin qısaldılması və Avropa bazarlarına çatdırılacaq elektrik enerjisinin rəqabətqabiliyyətliliyinin artırılmasına dair təkliflər təqdim olunub. Tənzimlənən və kommersiya əsaslı komponentləri birləşdirən hibrid modelin maliyyələşdirmə imkanları və Avropa İttifaqının tənzimləyici çərçivəsi ilə uyğunluğu nəzərdən keçirilib.

Renewables.az
1 / 2