Azərbaycan yaşıl enerji dəhlizlərində elektrik enerjisinin mənşəyinin tanınması mexanizmini formalaşdırır.
Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.
Onun sözlərinə görə, daha çox inteqrasiya olunmuş regional enerji sisteminin konturları artıq dörd əsas dəhliz vasitəsilə konkret forma alır: "Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi, Azərbaycan-Türkiyə İnterkonnektoru və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Enerji Dəhlizi".
O.Zeynalov qeyd edib ki, Azərbaycan bu layihələri regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində inkişaf etdirir: "Bu, daha əlaqəli, təhlükəsiz və davamlı gələcəyin qurulmasına olan birgə öhdəliyimizi əks etdirir. Bu layihələr göstərir ki, həmin dəhlizlərin iştirakçısı olan ölkələr milli enerji strategiyalarından kənara çıxaraq daha inteqrasiya olunmuş regional enerji sisteminə doğru irəliləyir. Lakin sərhədlərarası bərpa olunan elektrik enerjisi ticarəti özünün tam ekoloji, iqtisadi və kommersiya dəyərini təmin etməlidirsə, bizə fiziki birləşmədən daha çox şey lazımdır. Elektrik enerjisinin haradan gəldiyini nümayiş etdirmək üçün etimad, şəffaflıq və etibarlı mexanizm də tələb olunur".
O əlavə edib ki, "yaşıl elektrik enerjisi"nin müəyyənedici xüsusiyyəti onun bərpa olunan mənbələrdən istehsal olunduğuna dair inandırıcı və yoxlanıla bilən iddiadır: "Məhz burada Bərpa Olunan Enerji Sertifikatları (REC) həlledici rol oynayır. REC-lər istehsalçıların, ticarətçilərin, istehlakçıların və tənzimləyicilərin elektrik enerjisinin bərpa olunan xüsusiyyətlərini yoxlaya bilməsi üçün şəffaf mexanizm təmin edir. Onlar ikiqat uçotun qarşısını almağa kömək edir və bir bazarda istehsal olunan, digər bazara ixrac edilən bərpa olunan elektrik enerjisinin müxtəlif yurisdiksiyalarda etibarlı şəkildə tanınacağına inam yaradır. Başqa sözlə, "yaşıl dəhliz"lə fiziki əlaqələr yaradırsa, sertifikatlaşdırma sistemləri sərhədlərarası bərpa olunan elektrik enerjisi ticarətinin səmərəli fəaliyyət göstərməsinə imkan verən etimadın təməlini qoyur. Bu elementlər - interkonneksiya, şəffaflıq və etimad - birgə bərpa olunan enerji potensialımızı həqiqətən inteqrasiya olunmuş sistemlərə çevirməyimizə kömək edir".