2027-ci ilə qədər bərpaolunan enerji layihələrinə və elektrik şəbəkələrinin inkişafına təxminən 2,6 milyard dollar investisiya yatırılması planlaşdırılır ki, onun da 600 milyon dolları birbaşa şəbəkə infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.
"Artıq bu çərçivədə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir – 500/330/10 kV-luq “Nəvai” yarımstansiyasının tikintisi davam edir. Cəbrayılda 560 MVA gücündə 330 kV-luq “Şəfəq” yarımstansiyası, eləcə də “Şəfəq” GES-də istehsal olunacaq enerjinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” vasitəsilə “Səngəçal” terminalına çatdırılmasını təmin etmək məqsədilə 750 MVA gücündə 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası isə artıq istismara verilib. Bundan əlavə, Cəbrayılda 200 MVA gücündə 33/110 kV-luq “Üfüq-Şəms” yarımstansiyasının tikintisi başa çatdırılıb, enerjinin sistemə inteqrasiyası üçün 12 kilometr uzunluğunda 110 kV-luq ikidövrəli “Cəbrayıl YS - Nobel GES” hava elektrik verilişi xətti çəkilib. Naxçıvanda isə 110 kV-luq “Qərbi Üfüq - Şəms” yarımstansiyalarının tikintisi davam edir".