Energetika Nazirliyinin Kollegiyası "Binalarda enerji sərfinin hesablanması metodologiyası"nı təsdiqləyib.
Renewables.az xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Qərara əsasən, binanın illik enerji sərfinin hesablanması və enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı aşağıdakı sistemlər nəzərə alınır:
- istilik təchizatı;
- soyuqluq təchizatı;
- isti su təchizatı;
- işıqlandırma sistemləri;
- təbii və mexaniki havalandırma sistemləri.
Bundan başqa, binada quraşdırılmış və binanın funksional ehtiyaclarını təmin edən digər enerji istehlak edən sistemlər enerji sərfinin hesablanması zamanı nəzərə alınır, lakin binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı nəzərə alınmır.
Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla, digər enerji mənbələrindən istifadə zamanı istixana qazlarının ətraf mühitə olan emissiyaları bu Metodologiyaya uyğun hesablanır.
Binaların enerji sərfinin hesablanması zamanı yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar, tibb müəssisələri, istehsalat binaları, anbarlar, inzibati təyinatlı binalar (ofislər) və digər ictimai binalar üzrə normaların parametrləri nəzərə alınacaq.
Tikinti zamanı layihədən kənarlaşma baş verərsə və bu kənarlaşma binanın enerji effektivliyi göstəricilərinə təsir edərsə, binanın istismara verilməsi zamanı enerji sərfinin hesablamalarına müvafiq düzəlişlər edilir. Bu zaman binanın xarici zərfi və texniki bina sistemlərinin faktiki göstəriciləri nəzərə alınacaq.
