Azərbaycanın irəli sürdüyü əsas təşəbbüslər arasında enerji səmərəliliyi və bərpa olunan enerji bazarlarının inkişafına töhfə verəcək İƏT Təmiz Enerji Mərkəzinin yaradılmasını, eləcə də resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyatın inkişafını nəzərdə tutan RESCUE birgə təşəbbüsünü qeyd etmək olar.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi doktor Əsəd M.Xan "Report"a müsahibəsində deyib.
"İƏT regionu əlverişli coğrafi mövqeyi zəngin bərpa olunan enerji resursları ilə birləşdirməklə aşağı karbonlu nəqliyyat və enerji dəhlizlərinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Mövcud İƏT Nəqliyyat Strategiyası (2026-2035) və Qazaxıstan-Türkmənistan-İran dəmir yolu və "yaşıl yük marşrutları"nın yaradılması kimi pilot təşəbbüslər dayanıqlığın regional əlaqəliliyin inkişafına necə inteqrasiya edilə biləcəyini göstərir. Enerji sahəsində əsas diqqət "yaşıl enerji" dəhlizlərinin formalaşdırılmasına, şəbəkələrarası əlaqələrin inkişafına və Bakıda İƏT Təmiz Enerji Mərkəzinin (CECECO) işə salınmasına yönəlib. Bu mərkəz bərpa olunan enerji mənbələrinin təşviqi, enerji səmərəliliyinin artırılması və sənayenin dekarbonizasiyası üçün platformaya çevriləcək...
...Nizamnaməsi 2025-ci il avqustun 26-da qüvvəyə minən ECO-UNIDO Təmiz Enerji Mərkəzi regionda enerji keçidini sürətləndirmək üçün əsas platforma olacaq. Onun fəaliyyəti aşağı karbonlu və iqlim dəyişikliyinə davamlı enerji infrastrukturunun, daha yüksək əlavə dəyərə malik istehsal və xidmətlərin inkişafına kömək etməyə, həmçinin Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsi (GN-SEC) çərçivəsində İƏT ölkələri arasında bilik və texnologiyaların ötürülməsini asanlaşdırmağa xidmət edəcək. Mərkəz xüsusilə müasir BOEM texnologiyalarına çıxışı məhdud olan ölkələr də daxil olmaqla, üzv ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış praktik layihələrə diqqət yetirəcək. CECECO yerlərdə həllərin tətbiqi üçün texniki yardımın göstərilməsini, mütəxəssislərin hazırlanmasını və investisiyaların səfərbər edilməsini təmin edəcək. Mərkəz investisiyaların səfərbər edilməsi və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq vasitəsilə İƏT məkanında dinamik regional təmiz enerji bazarı üçün zəmin yaradacaq və dayanıqlı sənaye artımına təkan verəcək..."
Baş katib həmçinin qeyd edib ki, İƏT ölkələri üçün vahid enerji strategiyası hazırlanır: "Vahid enerji strategiyası üzərində artıq iş aparılır. 2021-ci ilin iyun ayında nazirlərin enerji üzrə 4-cü görüşündə təsdiqlənmiş 2030-cu ilədək İƏT-in Enerji Strategiyası regional əməkdaşlıq üçün aydın çərçivə müəyyən edir. O, dayanıqlı enerji keçidinə, regional elektrik enerjisi bazarlarının yaradılmasına, enerji təhlükəsizliyinin artırılmasına və investisiyaların cəlb edilməsinə fokuslanır".
