"Biləsuvar" Günəş Elektrik Stansiyasının tikinti sahəsinə baxış keçirilib

AZƏRBAYCAN
GÜNƏŞ

image

BƏƏ-nin "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahinin rəhbərlik etdiyi nümayəndə heyəti, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və SOCAR nümayəndələri 445 MVt gücündə "Biləsuvar" Günəş Elektrik Stansiyasının (GES) tikinti sahəsinə səfər ediblər.

Şirkətin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti layihə üzrə görülən işlərlə yerində tanış olub və tikinti prosesinin cari vəziyyəti barədə məlumatlandırılıb. 

Bildirilib ki, 2025-ci ilin oktyabr ayında ilk günəş panelinin quraşdırılmasından sonra layihə üzrə tikinti işlərində əhəmiyyətli irəliləyişlər əldə olunub. Səfər zamanı görülmüş işlər nəzərdən keçirilib və növbəti mərhələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, "Biləsuvar" GES istismara verildikdən sonra təxminən 75 min ev təsərrüfatını təmiz elektrik enerjisi ilə təmin edəcək. Layihə eyni zamanda ildə 427 min tondan çox karbon qazı (CO₂) emissiyasının qarşısını almağa imkan yaradacaq. Bu isə Azərbaycanın bərpa olunan enerji sahəsində müəyyən etdiyi strateji hədəflərə mühüm töhfə kimi qiymətləndirilir.



OXŞAR XƏBƏRLƏR