Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşüb.
Görüşdə “Masdar” şirkəti ilə günəş və külək enerjisi sahəsində uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Hazırda Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş enerjisi, həmçinin Abşeron və Qaradağ rayonları ərazisində 200 MVt-dan çox gücdə külək enerjisi layihələrinin icra vəziyyəti nəzərdən keçirilib. Layihələrin həyata keçirilməsi istiqamətində hökumət və şirkət arasında sıx əməkdaşlıq yüksək qiymətləndirilib. İlin sonunadək regionda ən böyük günəş enerjisi layihəsi olan 445 MVt gücündə “Biləsuvar” GES-in istismara verilməsi planı çərçivəsində işlərin sürətləndirilməsi razılaşdırılıb.
Söhbət zamanı Azərbaycanın regional enerji bağlantıları təşəbbüsləri də müzakirə edilib. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub. Elektrik enerjisinin, o cümlədən “yaşıl enerji”nin Avropaya ixracı üzrə yeni interkonnektor layihələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, qlobal enerji mənzərəsində elektrik enerjisinə tələbatın artımı yeni istehsal və ötürmə güclərinin yaradılmasını zəruri edir. Bu kontekstdə Azərbaycanın həm regional ixrac marşrutlarının, həm də daxili tələbatın, o cümlədən süni intellekt və data mərkəzləri kimi yeni istiqamətlərin enerji təminatı üçün layihələr həyata keçirməsi strateji prioritet kimi qiymətləndirilib.
Görüşdə “Masdar” şirkətinin Azərbaycanda həyata keçirdiyi və planlaşdırdığı layihələrin regional əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi niyyəti ifadə edilib.
