Bu gün Biləv Su Elektrik Stansiyasının (SES) istismara verilməsindən 15 il ötür.
"Azərenerji" ASC-nin "Naxçıvan Enerji" MMC-nin istismar sahəsində olan su elektrik stansiyalarının ümumi generasiya gücü 68.4 meqavat təşkil edir. Bunlara 22 meqavat gücündə Araz SES, 20.5 meqavat gücündə Arpaçay-1, 1.4 meqavat gücündə Arpaçay-2, 20 meqavat gücündə Biləv SES və 4.5 meqavat gücündə Heydər Əliyev Su Anbarı üzərində yerləşən stansiya daxildir.
Biləv Su Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasında il ərzində enerji istehsalının təxminən 10 faizini təşkil edir. Stansiya Ordubad rayonu ərazisində, Gilançay üzərində inşa edilib və 2010-cu il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu il stansiyanın fəaliyyətə başlamasının 15 illiyi qeyd olunur.
20 meqavat (hər biri 10,0 MVt gücündə 2 ədəd hidroaqreqat) generasiya gücündə olan stansiya 250 min kubmetr su tutumuna malik tənzimləyici bənddən, 10 km uzunluğunda açıq və qapalı tipli kanal sistemindən, sifonlardan, təmizləyici hovuzdan, 34 min kubmetr tutumlu sutoplama hovuzundan, 1,7 metr diametrli təzyiqli polad borudan, iki hidro turbin və iki hidro generatorla təchiz olunmuş stansiya binasından və transformator yarımstansiyasından ibarətdir.
Stansiyada istehsal olunan elektrik enerjisinin Muxtar Respublikanın elektrik şəbəkəsinə ötürülməsi məqsədilə 8,5 kilometr uzunluğunda ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib.
Stansiyada il ərzində 50 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. İstismara verildiyi gündən indiyədək stansiyada ümumilikdə 621,1 milyon kVts elektrik enerjisi istehsal olunub.
