Binalarda enerji səmərəliliyinə dair Türkiyə təcrübəsi öyrənilir

AZƏRBAYCAN
ENERJİ SƏMƏRƏLİLİYİ

image

Azərbaycan-Türkiyə Enerji Forumunun Enerji səmərəliliyi üzrə işçi qrupu çərçivəsində Binalarda Enerji Effektivliyi İnformasiya Sisteminin (BEEİS) yaradılması istiqamətində təcrübənin öyrənilməsi məqsədilə 26-29 yanvar tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub.

Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanın Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə Türkiyənin müvafiq qurumları arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və Enerji və Təbii Sərvətlər Nazirliyi ilə binaların enerji səmərəliliyi üzrə pasportlaşdırılması sisteminin formalaşdırılması və mövcud rəqəmsal həllərə dair geniş müzakirələr aparılıb.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ilə görüşlər zamanı binalarda enerji səmərəliliyinə dair normativ-hüquqi baza, enerji effektivliyi göstəricilərinin hesablanması metodologiyası və enerji effektivliyi informasiya sisteminin işləmə mexanizmi təqdim edilib. Ankara Memarlar Assosiasiyası ilə keçirilən görüşdə enerji effektivliyi pasportunun tərtibatçıları üçün təlimlərin təşkili və sertifikasiya prosesi barədə məlumat mübadiləsi aparılıb.

Altındağ Bələdiyyəsi ilə görüşlər çərçivəsində layihəçilər və tərtibatçılar tərəfindən hazırlanan texniki parametrlər, onların qiymətləndirilməsi və tətbiqi mexanizmləri müzakirə olunub. Eyni zamanda “Eltemtek” şirkəti ilə enerji səmərəliliyi sahəsinə investisiya cəlbi (Enerji Servis Şirkəti (ESCO) modeli), enerji auditi və binaların pasportlaşdırılması üzrə təcrübə və yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə ESCO və Super ESCO modellərinin tətbiqi, enerji menecerləri institutu, eləcə də enerji səmərəliliyi fəaliyyətlərinin idarə olunmasının rəqəmsallaşdırılması təcrübəsi müzakirə edilib.

Səfər zamanı əldə olunan təcrübə və müzakirə nəticələrinin Azərbaycanda BEEİS-in yaradılması və binaların enerji səmərəliliyi üzrə pasportlaşdırma mexanizminin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR