Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə təşkilatçılığı ilə “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 (DİM 7) üzrə Yol Xəritəsi”nin hazırlanması məqsədilə məsləhətləşmə seminarı keçirilib.
BOEMDA-nın məlumatına görə, tədbiri giriş sözü ilə energetika nazirinin müavini Orxan Zeynalov açaraq, DİM 7-nin ölkənin enerji siyasətindəki əhəmiyyətindən, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji keçidi istiqamətində görülən işlərdən danışıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç çıxışında DİM 7 Yol Xəritəsinin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayacağını qeyd edib.
ESCAP-ın Enerji bölməsinin direktoru Honqpenq Liu “Milli Ekspert Enerji Planlaşdırma Aləti”nin (NEXSTEP) uzunmüddətli enerji planlaşdırılmasında əhəmiyyətindən və Azərbaycanla əməkdaşlıqdan bəhs edib.
BOEMDA-nın direktoru Cavid Abdullayev çıxış edərək, ölkənin bərpa olunan enerji sahəsində prioritetləri və DİM 7 Yol Xəritəsinin strateji əhəmiyyəti haqqında məlumat verib.
ESCAP-ın Enerji bölməsinin nümayəndəsi Anis Zaman NEXSTEP aləti və DİM 7 Yol Xəritəsi üzrə təqdimatla çıxış edib, həmçinin ssenari əsaslı modelləşdirmə nəticələrinə dair texniki təqdimat təqdim edib.
BOEMDA-nın direktor müavini Rana Hümbətova modelləşdirmə və təhlillər üçün toplanmış məlumatlar və istifadə olunan informasiya bazası barədə təqdimatla çıxış edib. Tədbir çərçivəsində NEXSTEP onlayn portalının nümayişi həyata keçirilib.
