Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın enerjiyə olan tələbatının 4-5 %-ni təmin edəcək.
Yerli medianın məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar GES-də birinci panelin quraşdırılması mərasimində bildirib.
Onun sözlərinə görə, Biləsuvar GES gələn ilin birinci yarısında istismara veriləcək və 2026-cı ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisi ötürüləcək: "Yəni gələn ilin sonunda Biləsuvar GES şəbəkəyə tam şəkildə qoşulacaq. Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək".
O qeyd edib ki, bu GES Biləsuvar rayonunun həm iqtisadi, həm də sosial sahəsinə müsbət təsir göstərəcək: "Bu regionun və rayonun məşğulluqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın müəyyən həcmdə qaz resurslarından səmərəli istifadəsinə xidmət edəcək".
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər qoyuluş gücündə bərpa olunan mənbələrdən istifadə edən stansiyaların payını 30 %-ə çatdırmağı hədəfləyir: "Bu istiqamətdə intensiv işlərimiz davam edir. Əsas tərəfdaşlarımızdan biri "Masdar" şirkətidir. Onun artıq 230 meqavatlıq elektrik stansiyası Qaradağ ərazisində istismara verilib. Oktyabrın 26-da bu layihənin istismara verilməsinin iki ili tamam olacaq. Biz onu istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard kilovat/saat elektrik enerjisini əldə olunacaq. İki ilin tamamında 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir".
C. Abdullayev həmçinin qeyd edib ki, əgər proseslər planlaşdırılan sürətlə davam edərsə, 30 % göstəricisinə daha tez, yəni 2027-ci ilin sonuna qədər nail olunacaq. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi ilə bağlı bir neçə layihə həyata keçirilir: "Cəbrayılda BP şirkəti ilə birgə həyata keçirilən 240 meqavatlıq "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) ərazisində artıq bütün mobilizasiya işləri başa çatıb və tikinti işlərinə start verilib. Eyni zamanda, Cəbrayıl rayonunda hər biri 50 meqavat olmaqla "Şəms" və "Üfüq" stansiyaları ilə bağlı mobilizasiya işlə ryekunlaşıb. Həmin stansiyalarda işlər intensiv şəkildə davam etdirilir".